İrəvan şəhəri Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri olmuşdur. Qədim Azərbaycan torpağı olan bu şəhər müxtəlif dövrlərə aid abidələrlə, məscidlərlə, qalalarla, saraylarla, karvansaralarla və körpülərlə zəngin idi. Lakin, 1827-ci ildə rus qoşunlarının İrəvan xanlığını işğal etməsindən sonra ermənilərin bu torpaqlara köç etməsi ilə Azərbaycan abidələrinin acı taleyi başlanmışdır. İrəvan abidələri təəssüf ki, erməni vandalları tərəfindən tamamilə dağıdılmışdır. Alimlərin, tədqiqatçıların və ziyalıların bu mövzudakı araşdırmalarına əsaslanaraq, İrəvan abidələri barədə şərh etməyi özümüzə borc bildik.
Vaxtilə İrəvan şəhərində çoxlu sayda məscid mövcud olmuşdur. İrəvanda ilk məscid, Şah İsmayılın (1501-1524) əmri ilə 1510-cu ildə inşa edilən Şah İsmayıl Məscidi olmuşdur. Məscidin geniş həyəti, çarhovuzu və yüksək minarəsi vardı. İşərisi isə xalı və xalçalarla bəzədilirdi. 1918-ci ildə erməni vandalları Azərbaycanlıları məscidə salıb qapısını bağlamış, sonra isə neft tökərək onları yandırmışdılar.
İrəvanda ilk böyük məscid Xudabəndə Məcsidi Səfəvi Məhəmməd şah Xudabəndə (1578-1587) tərəfindən tikdirilmişdir. Məscidin uzunluğu 9 metr, eni 6 metr, hündürlüyü isə 12 metr idi. Mehrabı çox da hündür olmayan bu məscid bişmiş qırmızı kərpicdən inşa edilmişdi. Məscidin giriş qapısının üstündəki kitabədə fars dilində əbcəd hesabı ilə onun təmir olunma tarixi hicri tarixi ilə 1099-cu ildə, miladi tarixi ilə 1685-ci ildə Səfəvi hökmdarı şah Süleyman (1666-1694) tərəfindən təmir olunduğu göstərilmişdir [2].
İrəvan məscidləri arsında monumental sənət əsəri kimi Şah Abbas Məscidi xüsusi yer tuturdu. Xalq arasında bu məscid "Came Məscidi" adı ilə də tanınırdı. Şah Abbas Məscidi Səfəvi hökmdarı I Şah Abbas (1587-1629) tərəfindən inşa etdirilmişdir. Məscidin tikintisi 1606-cı ildə Gəncəli memar Şeyx Bəhaəddin tərəfindən hazırlanmış layihə əsasında həyata keçirilmişdir. Buna görə də, İrəvanda və Gəncədə eyni vaxtda tikilən Şah Abbas Məscidləri memarlıq cəhətdən bir-birinə çox oxşar olmuşdur. Şah Abbas Məscidinə bitişik mədrəsə və ayrıca qonaq otağı da mövcud idi. Məscidin böyük həyəti və hovuzu vardı. Məscidin kitabəsində fars dilində “yeri cənnət olan Şah Abbasın vaxtında yer üzü abad oldu” bir beyt şeir həkk olunmuşdur [1]. 1918-ci ildə Azərbaycan Arxeologiya Komitəsinin üzvü İsa bəy Əzimov məscidin kitabəsini oxuyub tarixini dəqiqləşdirmişdir. Arxeoloq yazırdı ki, məscidin günbəzi dağılmış, ətrafı viranə şəklinə salınmışdır [3]. 1923-cü ildən 1945-ci ilə qədər məsciddə dini mərasim keçirilməmiş, məsciddən başqa məqsədlər üçün istifadə edilmişdir.
İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və ya Zal Xan Məscidi adlanırdı. Henri Linçə görə, məscidin üzərində ərəb qrafikası ilə Azərbaycan türkcəsindəki mətndə məscidin 1687-ci ildə inşa edildiyi bildirilir. İrəvan bəylərbəyliyinin hakimi olan Zal xan şəhərdəki tikililərin bərpası üçün böyük səy göstərmişdi. Onun dövründə inşa edilən məscidlərdən birini əhali Zal Xan Məscidi, və yaxud Şəhər Məscidi adlandırmışdır. Xarici görünüşünə görə Göy Məscidə bənzəyən Zal Xan Məscidinin həyəti və bağçası da var idi. 1928-ci ildə məscidin böyük zalı dağıdılmış və yerində “Erivan” hoteli tikilmişdir. İkimərtəbəli binası və çoxlu hücrələri olan Zal Xan Məscidinin mədrəsəsi İkinci Dünya Müharibəsindən sonra başqa məqsədlər üçün istifadə edilmişdir. 1999-cu ildə rekonstruksiya işləri aparıldıqdan sonra bu yer “Golden Tulip Hotel Yerevan” adlanmışdır. Məscidin ikimərtəbəli binası isə sərgi salonu kimi istifadə edilmişdir.
İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy Məscidin adı birinci çəkilir. Azərbaycan memarlığının nadir nümunələrindən hesab edilən Göy Məscidin inşasına 1760-cı ildə başlanmış, 1765-ci ildə Hüseynəli xanın hakimiyyəti dövründə tamamlanmışdır. Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. 1822-ci ildə Göy Məscidin bərpası, kitabəsinin yazılması və divarlarının bəzədilməsi işlərində böyük Azərbaycan rəssamı və memarı Mirzə Qədim İrəvaninin böyük rolu olmuşdur. Məsciddə ibadət və din xadimləri üçün yaşayış otaqları, qış və yay salonları, mədrəsə, müxtəlif tikililər və zəngin bir kitabxana mövcud idi. Kitabxanada Şərq müdriklərinin müxtəlif mövzulara dair əsərləri və dini kitablar saxlanırdı. Məscidin həyətində fəvvarəli daş hovuz tikilmiş, ətrafına isə sıx kölgəli ağaclar əkilmişdi. İki əzəmətli minarəsi olan məscid (biri 35 m, digəri isə 25 m hündürlükdə) dördkünc şəkildə tikilmiş və şəhərin mərkəzi bağının kənarında yerləşirdi. XIX əsrdə İrəvanda olmuş ingilis səyyahı Linç 1910-cu ildə Tiflisdə çap edilən iki cildlik “Ermənistan” adlı əsərində yazırdı ki, “mən İrəvanda olanda qüllənin birinin xarabalığı qalmışdı. Buraya külli miqdarda erməni ailələri köçürülmüşdü ki, onlar da türklərə məxsus abidələri vəhşicəsinə dağıdırdılar”. 1918-ci ildən başlayaraq tarixi Azərbaycan torpaqları olan Ermənistanda bütün müsəlman abidələri bəzən gizli, bəzən də açıqcasına vəhşi erməni millətçiləri tərəfindən məhv edilmişdir. 1988-ci ildə İrəvanda Göy Məscidi erməni vandalları üçünücü dəfə yandırmışdılar. Məscid birinci dəfə 1918-ci ildə, ikinci dəfə 1955-ci ilin mart ayında yandırılmışdı. O zaman, türk din xadimi Mahmud Aruz oğlu və həyat yoldaşı ilə birlikdə, 22 nəfər üləmanı da həmin məscidlə birgə ermənilər yandırmışdılar [4]. 1936-cı ildə Göy Məscidin binasında İrəvan Şəhər Tarix Muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy Məsciddən bir müddət hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy Məsciddə Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetari fəaliyyət göstərmişdir. 1991-ci ildə Ermənistan müstəqil olduqdan və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra Göy Məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zərurəti yaranmışdı. 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix Muzeyi məscid kompleksindən çıxarılmışdır. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy Məscidin yenidən qurulması xərclərini öz üzərinə götürmüşdür. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya yalnız məscidin cənub-qərb və şimal hissələrində həyata keçirilmişdir. Hazırda Ermənistan rəsmiləri Göy Məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər. İngilis tədqiqtçısı Tom de Vaal yazırdı: “Ermənilərin Azərbaycanlılara məxsus məscidin belə asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmək olar: Sən demə, Ermənistan Azərbaycanlılarını ölkənin tarixindən asanlıqla silmək olar, çünki, XX-ci əsrə qədər burada Azərbaycanlıları "tatar", "türk" və ya sadəcə "müsəlman" adlandırırdılar. Onunla belə onlar nə fars, nə də türk idilər. Onlar türkdilli şiələr idilər… Bir sözlə, onlar indiki Azərbaycanlıların babaları idilər. Beləliklə ermənilər İrəvanda "fars məscidi" haqqında danışanda, "fars" deməklə unutdurmaq istəyirlər ki, 1760-cı ildən bu məsciddə dua edənlər Azərbaycanlılar idi.” [5]
Bəzi mənbələrdə Təpəbaşı Məscidinin inşa tarixinin 1687-ci il olduğu qeyd edilsə də, onun dəqiq tikilmə tarixi hələ də məlum deyil. Mövcud məlumatlara görə, məscid ən azı XIX əsrin 40-cı illərində fəaliyyət göstərirdi. Lakin, bəzi araşdırmalar məscidin daha qədim, yəni XVII–XVIII əsrlərə aid olduğunu ehtimal edir. Məlumatlara görə məscid İrəvan şəhər idarəsinin üzvü olan Abbasqulu xan İrəvanskinin göstərişi ilə inşa edilmişdir. Təpəbaşı Məscidinin İrəvanın eyniadlı yaşayış massivində yerləşdiyi və tamamilə kərpicdən tikildiyi də qeyd olunmuşdur. Məscidin əsas günbəzi İrəvandakı digər məscidlərdən nümunə götürülərək rombvari naxışlarla bəzədilmiş şirli mozaika plitələrlə üzlənmişdi, lakin bu hissə günümüzə qədər qorunub saxlanmamışdır. Məscidin divarlarının qalınlığı 1,5 metr olmuşdur. Məscidin minarəsi 1960-cı illərdə uçurulmuşdur. Sonralar məscidin həyətində və ətrafında ermənilər tərəfindən qeyri-qanuni tikililər, gecəqondular inşa edilmiş, erməni ailələri məskunlaşmışdılar.
1724-cü ildə Osmanlı qoşunları İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb Paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər görmüşdür. Onun tapşırığı ilə 1725-ci ildə İrəvan qalasında yeni bir məscid inşa edilmişdir. Bu məscid, inşa etdirənin şərəfinə Rəcəb Paşa Məscidi adlandırılmışdı. Məscid düzgün paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərq üslubunda həndəsi ornamentlərlə bəzədilmişdi. İrəvanın 1827-ci ildə rus qoşunları tərəfindən işğalından sonra məscid bir sıra dəyişikliklərə məruz qalmış və rus pravoslav kilsəsinə çevrilmişdir. Onun fasadına silindr formasında sütunlar yerləşdirilmiş, dam örtüyü əlavə edilmiş və məscidin üzərindəki ay-ulduz simvolu xaç və kilsə zəngi ilə əvəz edilmişdir. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və İrəvan qalasında yerləşən Rəcəb Paşa Məscidinin rus-yunan kilsəsinə çevrildiyini təsdiqləmişdir. Kilsəyə çevrilmiş bu abidə 1930-cu illərdə İrəvan şəhərinin baş planına qurban getmiş, sökülərək məhv edilmişdir.
İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Çətirli Məscid və ya yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq Məscidi idi. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə – yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi, amma binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli Məscid adlanırdı. Rəsmi sənədlərdə isə Dəmirbulaq Məscidi olaraq qeyd olunurdu. 1988-ci il fevralın 23-də erməni vandalları İrəvan şəhərindəki Dəmirbulaq Məscidini və M.F.Axundov adına 9 №-li Azərbaycanlı orta məktəbin binasını yandırmışdılar. 1990-cı ildə Dəmirbulaq məscidi erməni vandalları tərəfindən yerlə-yeksan edilmiş və yerində hündürmərtəbəli yaşayış binası tikilmişdir.
İrəvan şəhərinin tarixi hissəsində yerləşən Novruzəli məhəlləsində mövcud olmuş Novruzəli Bəy Məscidi XVIII əsrin ikinci yarısında Qara Seyid adlı şəxs tərəfindən tikilmişdir. Məscid şəhərin Dəmirbulaq massivindəki Hacı Novruzəli məhəlləsində yerləşdiyindən məhəllənin adı ilə Hacı Novruzəli Bəy Məscidi adlandırılmışdır. Bu məhəllədə XX əsrin əvvəllərinə qədər bir nəfər də erməni yaşamamışdır. 1918-1920-ci illərdə və sovet hakimiyyətinin ilk illərində Hacı Novruzəli Bəy Məscidində Türkiyədən gəlmiş erməni qaçqınları məskunlaşdırılmışdır. Тək minarəli bu məscid XX əsrin 30-cu illərində erməni vandalları tərəfindən dağıdılaraq məhv edilmişdir.
1810-cu illərdə inşa edilmiş Sərdar Məscidi müxtəlif mənbələrdə "Xan Məscidi" və "Abbas Mirzə Məscidi" kimi də qeyd edilmişdir. Rus işğalından sonra məscid müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. Müxtəlif adlar altında təqdim edilməsinə baxmayaraq, əslində söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar Məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni məscid müxtəlif dövrlərdə müxtəlif adlarla tanınmışdır. İrəvan qalasının çar Rusiyası tərəfindən işğal olunduğu dövrə aid bəzi sənədlərdə bu məscidin adı "Abbas Mirzə Məscidi" kimi qeyd olunmuşdur. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzənin şərəfinə yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. 1843-cü ilin avqustunda İrəvanda olmuş Avqust Haksthauzen İrəvan qalasında yerləşən Sərdar Məscidinin kazarmaya çevrildiyini təsdiqləmişdir. 1864-cü ildə rus qoşunlarının İrəvan qalasında hərbi məqsədlərlə istifadə etməsinə son qoyulandan sonra, qala daxilindəki tarixi abidələr, o cümlədən Sərdar Məscidi dağılmağa məruz qalmışdır. 1900-cü illərin əvvəllərində məsciddə Osmanlıdan köçmüş ermənilər məskunlaşdırılmışdı. İrəvanda Azərbaycanlılara məxsus digər maddi-mədəniyyət abidələri kimi, Sərdar Məscidi də erməni vandalları tərəfindən tədricən hissə-hissə dağıdılmışdır. Son illərə qədər Sərdar Məscidinin yalnız 2-3 metr hündürlüyündə bir divarının qalığı mövcud idi. Ermənistan hökuməti məscidin qalığını “qorunan tarixi abidələr” siyahısında 2007-ci ildə Avropa Şurasına təqdim etmişdir. Lakin erməni vandalları Sərdar Məscidinin “qorunan” divar qalığını da 2014-cü ilin noyabr ayının ortalarında yer üzündən silmişdir.
İrəvan şəhərinin texniki vəzifəsində çalışmış B.Mehrabov 1906-1911-ci illərdə şəhərin planını hazırlamış və oradakı memarlıq abidələrinin siyahısını tərtib etmişdir. Onun siyahısında İrəvanda mövcud olmuş Sərtib Xan Məscidi də qeyd olunmuşdur. 1918–1920-ci illərdə və sovet hakimiyyətinin ilk illərində Sərtib Xan Məscidində Osmanlıdan gələn erməni qaçqınları məskunlaşdırılmışdır. Məscid 1980-ci illərdə dağıdılmışdır.
Azərbaycan memarlığının şah əsərlərindən olan Sərdar Sarayı, yaxud Xan Sarayı 1578-ci ildə İrəvan bəylərbəyi Toxmaq xan tərəfindən tikdirilmiş və qala ilə üzbəüz, Zəngi çayının sağ sahilində iri bağ salınmışdır. 1791-ci ildə Məhəmməd xan Qacar tərəfindən sarayın Güzgülü salonu və Xan bağındakı Yay imarəti inşa olunmuş və beləliklə, saray kompleksi tamamlanmışdır. 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə saray əsaslı şəkildə təmir olunmuş və yeni tikililər əlavə edilmişdir. Sərdar sarayının divarlarındakı rəsm əsərləri isə 1815-ci ildə Təbriz rəssamlıq məktəbinin nümayəndəsi olan Mir Əbdürrza Xan tərəfindən tamamlanmışdı. 1827-ci ildə rusların İrəvanı işğal etməsindən sonra saray ciddi dağıntılara məruz qalmışdır. 1837-ci ildə tərtib edilmiş planda sarayın təqribən 1 hektar ərazini əhatə etdiyi məlum olmuşdur. XIX əsrin ortalarında sarayda təmir-bərpa işləri aparılmışdır. 1867-1874-cü illərdə Xan Sarayında bərpa işlərininin bir qismini Azərbaycan rəssamı və memarı Mirzə Qədim İrəvani həyata keçirmişdir. Sərdar Sarayı 1913-1918-ci illərdə erməni vandalları tərəfindən dağıdıldığından portretlər 1913-cü ildə çıxardılıb Tiflisə aparılmış, həmin əsərlərdən bir neçəsi Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. 1918-ci ildə Sərdar Sarayı erməni vandalları tərəfindən tam dağıdılmışdır, onun ərazisində konyak zavodu inşa edilmişdir.
İrəvan Qalası 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın əmri ilə onun vəziri Rəvənqulu xan tərəfindən Zəngi çayının sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilmişdir. Qala onu inşa etdirən vəzirin adı ilə Rəvan və ya İrəvan adlandırılmışdır. Tarixi mənbələrə əsasən, qalada 800 ev və 8 məscid mövcud idi. İrəvan qalasının 1827-ci ildə ruslar tərəfindən işğalından sonra tərtib edilmiş çertyojunda göstərilən miqyasa əsasən onun ümumi uzunluğunun 850 m, eninin isə 790 m olması təsdiqini tapmışdır. Təqribən kvadrat formaya sahib olan qala 7 hektar ərazini əhatə etmişdir. İkiqat qala divarlarının hündürlüyü 10,5–12 m olmuşdur. Qalanın bir qatdan ibarət olan divarı isə Zəngi çayının yanından keçirdi. İrəvan qalasının üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (Meydan qapısı) və Körpü qapısı. Rusiya işğalından sonra İrəvan qalası dövlət mülkiyyəti elan edilmişdi. 1850-ci illərdə qalanın içərisində təmir-tikinti işləri aparılmışdı. Eyni zamanda, qalada rus hərbi hissələri və xeyli sayda top saxlanılırdı. İrəvan qalası 1864-cü il martın 12-dək hərbi-istehkam qalası kimi istifadə edilirdi. Qala rəsmən buraxıldıqdan sonra onun divarlarını və qüllələrinin daşlarını ətrafda yaşayan yerli sakinlər sökərək aparmışlar. 1880-ci illərdən etibarən isə bir-birinin ardınca qalanın içərisindəki tikililər və müdafiə qurğuları yoxa çıxmışdır. 1930-cu illərdə isə İrəvan Qalası tamamilə məhv edilmişdir.
İrəvan şəhərinin ən qədim körpüsü olan Qırmızı Körpü 1679-cu ildə Zəngi çayının üzərində inşa edilmişdir. Həmin dövrdə Zəngi çayı üzərindən şəhərə getmək üçün yeganə keçid olan bu körpü qırmızı daşlardan tikildiyinə görə bu adı almışdır. Eyni zamanda Qədim İpək Yolundan keçdiyinə görə şəhərin tarixi üçün böyük əhəmiyyət kəsb etmişdir. Körpü Zəngi çayının üzərində tikildiyi üçün ona bəzən Zəngi Körpüsü də deyilirdi. Körpünün ümumi uzunluğu 80 m, hündürlüyü 11 m, eni isə 4,8 m olmuşdur. İki tağı olan bu körpünün ikitərəfli əlavə axınını təmin etmək üçün kiçik köməkçi tağı da var idi. Böyük Qələbə körpüsü tikildikdən sonra Qırmızı körpüdən istifadə edilməmiş və bu tarixi abidə dağılmışdır.
Zərrab Xan (Zalxana, Sərrafxana) Karvansarası Göy Məscid kompleksinin bir hissəsi olmuşdur. 8 girişi olan almaz formalı qapalı həyəti var idi. Kompleks XVII əsrin ikinci yarısında tikilmiş, təxminən 1675-1680-ci illərdə tamamlanmışdır. Abidə əvvəlcə zərbxana kimi istifadə edilmiş, lakin sonradan tacirlərin istifadəsinə verilmişdir. Karvansarada 38 dükan mövcud olmuşdur. Zərrab xan karvansarası 1920-ci illərdə dağıdılmışdır.
İrəvan şəhərinin qədim körpülərindən biri olan Dəmirbulaq Körpüsü Dəmirbulaq çayı üzərində salınmışdır. Şəhərin içindən keçən bu kiçik tarixi körpü XVII–XVIII əsrlərə aid edilirdi. Dəmirbulaq Körpüsü daxilində üç məscid olan eyniadlı məhəllədə mövcud olmuşdur.
İrəvan şəhərində qeyd etdiyimiz tarixi abidələrlə yanaşı, adlarını çəkmədiyimiz neçə-neçə abidələr əsrlər boyu mövcud olmuşdur. Sonralar bu abidələr erməni millətçiləri tərəfindən yerlə-yeksan edilmişdir. Ermənilər İrəvan şəhərindən Azərbaycanlıların maddi-mədəniyyət izlərini silərək, eyni zamanda Azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni şəhəri yaratmağa nail oldular. Erməni millətçiləri Azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə, onları öz adlarına çıxmağa çalışsalar da, tarixin yaddaşından bu izləri silmək mümkün deyil. İrəvan şəhəri, Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət mərkəzlərindən biri kimi, Azərbaycan tarixində mühüm yerlərdən birini tutur.
İstifadə olunmuş mənbə
1. Əzimbəyov İ. “İrəvan müsəlman abidələri”. AAK-nin xəbərləri. B.1929, №4. s. 299;
2. Əzimbəyov İ. “İrəvan müsəlman abidələri”. AAK-nin xəbərləri. B.1929, №4. s. 300;
3. Əzimbəyov İ. “İrəvan müsəlman abidələri”. AAK-nin xəbərləri. B.1929, №4. s. 298-300;
4. İncəsənət qəzeti, 1991-ci il;
5. Том де Ваал, «Черный сад». Глава 5. Ереван. Тайны Востока». http://news.bbc.co.uk/hi/russian/in_depth/newsid_4664000/4664621.stm
6. Mustafa N. Y. İrəvan şəhəri. Bakı 2020, 293 səh.;
7. https://westaz.org/az/qerbi-azerbaycan/abideler
Aynurə Əsgərova,
ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin