Əbdürrauf Fitrətin ədəbi-nəzəri tədqiqatlarında milli oyanış və özünüdərk qayələrinin ifadəsi məsələsinə gəlsək, hər şeydən əvvəl, böyük vətənpərvər və görkəmli ədəbiyyatşünasın bir sıra qədim türk ədəbi abidələrinin, o cümlədən, Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk”, Yusif xas Hacib Balasağunlunun “Qutadğu bilik”, Əhməd Yüqnəkinin “Hibətül-həqayiq”, Əhməd Yəsəvinin “Divani-hikmət” əsərlərinin tədqiqi və təbliği sahəsindəki misilsiz xidmətlərini ayrıca vurğulamaq lazımdır. Əbdürrauf Fitrətin elmi yaradıcılığında həmin əsərlərə və bütövlükdə klassik ədəbi irsə geniş yer verməsinin əsas səbəbi, ilk növbədə, onların türkçülük və turançılıq məfkurəsi ilə yaxından bağlılığı idi. Məlumdur ki, sözügedən qədim ədəbi-bədii nümunələr indinin özündə də bütün türk xalqlarının müştərək ədəbi abidələri sayılırlar.
Ümumən götürəndə türkçülük və turançılıq məfkurəsi milli oyanış və özünüdərkin ən güclü amili və silahı olduğuna görə Fitrətin bədii əsərlərində geniş vüsət aldığı kimi, elmi əsərlərində də əhəmiyyətli yer tuturdu. Bu nöqteyi-nəzərdən Fitrətin “Bəşəriyyət haqqında Nəvainin fikri” (Daşkənd, 1919), “Bedil” (Moskva, 1923), “Ən qədim türk ədəbiyyatı nümunələri” (Səmərqənd, 1927), “Ədəbiyyat nümunələri” (Daşkənd – Səmərqənd, 1928), “Qədim türk ədəbiyyatı axtarışları” (Səmərqənd, 1930), “Əruz haqqında” (Daşkənd, 1936) və başqa bu kimi xüsusi tədqiqatları, eləcə də, Əlişir Nəvai, Turdi Fəraği, Babarəhim Məşrəb və başqa özbək klassikləri haqda məqalələri daha məşhur və daha səciyyəvidir .
Elmi yaradıcılığında əks olunan Turançılıq dəyərlərini ümumiləşdirərək qeyd etmək lazımdır ki, Əbdürrauf Fitrət müxtəlif tədqiqat və məqalələrində daha çox türk bədii təfəkkürünü dünya miqyasına çıxaran Əlişir Nəvai və Zahirəddin Məhəmməd Baburun xidmətlərinə böyük diqqət yetirir. Ədəbiyyatşünas Həmidullah Baltabayevin vurğuladığı kimi, Əbdürrauf Fitrətin “Ədəbiyyat qaydaları” əsərində ən çox misal gətirilən şairlərdən biri Z.M.Babur olduğu, yaxud ondan artıq məqalə və tədqiqatında Z.M.Baburun şəxsiyyətinə və Hindistanda qurduğu türk dövləti tarixindəki roluna, eləcə də onun lirikasına, məşhur “Baburnamə” əsərinə və başqa risalələrinə yeni və ciddi elmi münasibət bildirdiyi məlumdur.
Ə.Fitrətin təkcə ədəbiyyat sahəsində deyil, dil sahəsində də bir sıra xidmətləri vardır. Bu istiqamətdə o yüzdən çox məqalə yazmışdır. Əbdürrauf Fitrət milli oyanış dövrü özbək ədəbiyyatının qurucularından biri hesab olunur. Cədidçilərin köməyi ilə İstanbula gələn Ə.Fitrət 1909-1913-cü illərdə burada yaşamışdır. Bu illər ərzində onun həyatında bir sıra dəyişikliklər baş verdiyini, dünyagörüşünün artmasını, təhsil həyatını öz qeydlərində vurğulamışdır. 1913-cü ildə yenidən Buxaraya dönərək, Qarşı və Şəhrisəbz şəhərlərində məktəblər açmışdır. Həyatını təhsil və mədəniyyət sahəsindəki işlərə həsr edən Ə.Fitrət 1923-1924-cü illərdə Peterburqa gedərək orada dil dərsləri demişdir. 1924-cü ildə Peterburq Dövlət Universitetinin professoru adını almışdır.
Ə.Fitrətin Daşkənddə gördüyü ən mühüm işlərindən biri də mövcud rejimə qarşı özbək xalqının üsyanını, səsini yüksəldə biləcəyini düşündüyü “Cığatay gurungu” adlı təşkilatın qurulması və buraya üzv olması ilə bağlıdır. Fitrətin ədəbiyyat üçün ən böyük xidmətlərindən biri də “Qutadqu-bilik”in Fərqanə nüsxəsini əldə edib Daşkəndə gətirməsidir.
Ə.Fitrətin Əlişir Nəvai şəxsiyyətinə və yaradıcılığına sonsuz marağının əsas səbəbi isə, heç şübhəsiz, türkçülük məfkurəsinin klassik şairin əsərlərində əks olunması ilə bağlıdır. Ə.Fitrət bütün həyatı və yaradıcılığı ərzində Ə.Nəvai irsinin toplanması, üzə çıxarılması, nəşri və gələcək nəsillərə çatdırılması sahəsində də ciddi xidmətlər göstərmişdir. Tədqiqatlarında Nəvainin müxtəlif əsərlərini dərin və ətraflı təhlil etməklə bərabər, Ə.Fitrətin diqqətini ən çox cəlb edən məsələlərdən biri Nəvainin türk dilində yazması və türk dilinin yayılması uğrundakı mübarizəsi və xidmətləri olmuşdur. Bunu yaxından müşahidə etmək üçün Ə.Fitrətin 1919-cu ildə “İştirakiyun” qəzetində (12 iyun, №132) çap olunmuş “Dilimiz” adlı məqaləsi üzərində ayrıca dayanmaq lazım gəlir. Məqalə birbaşa müəllifin üsyankar sualları ilə başlayır: “Dünyanın ən zəngin, ən bəxtsiz bir dili hansı dildir?! Bilirsinizmi?! Türk dilidir! Şairlik etmək istəmirəm, sözün doğrusu budur! Dünyanın ən zəngin dili türkcədir, ən bəxtsiz dili də yenə həmin türkcədir. Zənginlərin bəxtsizliyi sovet höküməti dövründə olan bir haldır, bundan əvvəl bəxtli idilər, deyənlər dilimizin halını bilmədən danışırlar.
Bir dilin zənginliyi o dildəki sözlərin çoxluğu, törəmə genişliyi və istisna yetkinliyi ilə ölçülür. Türk dilində söz zənginliyi varmı? Bu sual bu gün deyil, bir neçə yüz il əvvəl ortaya çıxmış və Ə.Nəvainin “Mühakimətul – lüğəteyn” adlı kitabında öz cavabını tapmışdır. Ə.Nəvainin “Mühakimətul – lüğəteyn kitabı... türk dilinin söz zənginliyini yaxşı ifadə edir. Ə.Nəvai yalnız ağlamağın növlərini göstərən türkcə sözlərdən bu qədərini yazır: inləmək, sinrəmək, hıçqırmaq, yığlamaq, ağlamsınmaq, hönkürmək, sıqtamaq.
Buyurun, bir hərəkətin yeddi cür təzahürü üçün yeddi addır, aralarında incə fərqlər vardır. Türk dilində bu cür hallar az deyil...”
Ardınca Fitrət türk dilinin zənginliyini nümayiş etdirən digər iki amilə də səciyyəvi misallar gətirdikdən sonra sözü başqa bir mətləb üstünə, daha doğrusu, türkcənin bəxtsizliyinin səbəbləri üzərinə gətirir: “Dünyanın ən zəngin dili olan türkcəmiz yalnız ərəbcənin təzyiqləri ilə deyil, həm də farscanın təsiri altında sıxılmışdır. Gözlərimizi dörd açaraq, baxaq: dünyanın ən böyük təbibi olan İbn Sina türkdür. İkinci Ərəstü adlanan Fərabi türkdür. Ərəb dilini əbədi diriltmiş olan Cövhəri türkdür. “Vəhdəti-vücud” fəlsəfəsinin imamlarından olan Cəlaləddin Rumi türkdür. Fars ədəbiyyatının peyğəmbərlərindən olan Nizami yenə də türkdür. Burada adları zikr olunan şəxslər yalnız türk millətinin deyil, bütün dünyanın ulu simalarından sayılırlar. Lakin türk milləti onların əsərlərindən qidalana bilməmiş, ehtimal, özlərini də yaxşı-yaxşı tanıya bilməmişdir. Onlar öz əsərlərini türkcə yazmış olsalar idi, bu gün türk millətinin durumu, bəlkə də, başqa cür olardı. Bəxtsizlik bundan da artıq olarmı, görən?!...”
“Dilimiz” məqaləsindən gətirilmiş bu sitatda Azərbaycan mədəniyyətinin köklü maraqları ilə bağlı mühüm bir məsələyə də toxunulur. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyətinə kölgə salmaq istəyən bəzi cəfəngiyyatlara və gülməli iddialara qarşı daha bir sərrast cavab Şərq mədəniyyəti və tarixinin görkəmli tədqiqatçılarından və misilsiz bilicilərindən olan Əbdürrauf Fitrətin dilindən səslənir. Beləliklə, ədəbi-estetik görüşlərinin hamısını nəzərdən keçirməyə tədqiqatımızın həcmi imkan verməsə də, milli özünüdərk qayələrinin və milli maraqların Əbdürrauf Fitrətin ədəbi-elmi yaradıcılığında da dərin izlər qoyduğunu və mühüm yer tutduğunu bir daha vurğulamaq lazım gəlir.
Sənubər SƏMƏDOVA
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun dissertantı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin