Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində beşinci kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Vətən, yalnız müəyyən sərhədlərlə məhdudlaşan torpaq sahəsi deyil. Vətən, hər bir vətəndaşın doğulub boya-başa çatdığı torpaqlarda uşaqlıq və gənclik illərində yaşadığı ən gözəl xatirələrinin, yetkinlik dövründə əldə etdiyi uğur və nailiyyətlərinin, ahıl yaşlarında qazandığı müdrikliyinin anbarıdır. Vətəni sevmək, onun ərazi bütövlüyünü qorumaqhər kəsin borcudur. Birinci və İkinci Qarabağ müharibələri, Aprel döyüşləri, Tovuz döyüşləri, 23 saat davam edənantiterror əməliyyatı zamanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşan vətən fədailərini, eyni zamanda xidməti vəzifəsini yerinə yetirərək sərhədlərimizin keşiyində duran zaman düşmən gülləsinə tuş gələrəkşəhadətə ucalan oğullarımızı unutmamalıyıq.Unutdurmamalıyıq!
"Vətən" layihəsi çərçivəsində İkinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Həsənov Tacir Elşən oğlunun ailəsini ziyarət edərək ilk müsahibəmə başladım.
Həsənov Tacir Elşən oğlu 21 aprel 2001-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub. Ailədə 3 qardaşın ən kiçiyidir. 9 illik orta təhsilini Pirşağı qəsəbəsi, 10 saylı sanatoriya tipli internat məktəbində başa vurub. Anası Svetlana xanım bildirir ki, sakit təbiətli, vətənpərvər, dostluqda sadiq olan Tacir məktəbdə bütün müəllimlərin sevimlisi idi. Qohum, qonşu, tanışlar arasında da çox böyük hörmətə sahib idi. Hər kəs onun xətrini çox istəyirdi. O da əlindən gəldiyi qədər hamıya kömək etməyə çalışırdı.
Həsənov Tacir Elşən oğlu 2020-ci ilin aprel ayında həqiqihərbi xidmətə çağırılıb, öncə Gəncə şəhərində daha sonra isə Murovdağ istiqamətində olub. 27 sentyabr 2020-ci il tarixində 44 günlük Vətən müharibəsi başlayarkən Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib, orada da qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin anası bildirir ki, üç qardaşın ən kiçiyi olan Tacir qardaşlarını, valideynlərini çox istəyirdi. Hər zaman deyirdi ki, sizi özüm saxlayacam, işləməyə qoymayacam. O, hərbi xidmətə yollanan zaman müharibə hələ başlamamışdı, heç ağlımıza da gəlməzdi ki, 30 illik həsrət sona çatacaq, torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlayacaq. Lakin Tacir sanki öcədən bunu hiss edirmiş. O, hərbi xidmətə yollanan zaman demişdi ki: “Ana, müharibə olacaq, ərazi bütövlüyümüz bərpa olunacaq və mən şəhid olacam”.
Svetlana xanım bildirir ki, oğlu Tacirlə bağlı hər an xatirimdədir. Hər zaman onun varlığını yanımda hiss edirəm. Hazırda istifadə etdiyim telefon da, nömrə də oğlum Tacirindir. Mesajlarını oxuduqca bir ana kimi qürur hissi də yaşayıram. Həm iş yerində, həm dostlarının arasında çox böyük hörmət sahibi olub oğlum. Onun şəhid xəbərini eşidənlər rayonlardan
vidalaşmağa gəlmişdilər onunla. Bu qədər sevilirdi mənim oğlum. Bugünkü günə qədər də dostu, tanışı onun xatirəsini əziz tutur, tez-tez bizi görməyə gəlirlər.
Atası Elşən müəllim də oğlu Tacir haqqında qürurladanışdı. O, Tacir ilə çox gözəl ata-oğul münasibətində olduğunu bildirdi. Hərbi xidmətindən və döyüş yolundan danışarkən atanın üzündəki üzüntünün arxasında məğrur baxışları diqqətimi çəkdi. Həmsöhbət zamanı Tacirin Vətənə, torpağa bağlılığının ailədən gəldiyinin şahidi oldum. Şəhid atası statusunu daşıyan Elşən müəllim oğlu ilə hər zaman fəxr etdiyini bildirdi. Elşən müəllim deyir ki, 6 aylıq hərbi xidmətin ardından döyüşlərə qatılan Tacir haqqında əsgər yoldaşları da çox xoş xatirələrlə bəhs edirlər. Ən çox da Tacirin qorxmazlığı, iradəsi, düşmənə olan nifrəti haqqında danışırlar. Yaşının və təcrübəsinin az olmasına baxmayaraq döyüşlərə can ataraq, geri çəkilmək haqqında qəti düşünməyib mənim oğlum. Hərbi xidmətini başa vuraraq tərxis olan əsgər yoldaşlarının ilk işi bizi ziyarət etmək olub. Qonşu kənddən olan əsgər yoldaşlarından biri Tacirin hərbi geyiminin üzərində olan ad, soyadını il dönümündə bizə verdi. Komandirindən icazə alaraq bir il boyunca onu özündə saxlayıb ki, geri dönəndə bizə, ailəsinə təqdim edə bilsin.
Düzdür, Tacir köçkünlük həyatı yaşamayıb. Lakin xalqın başına gətirilən əzablar, torpaqlarımızın mənfur düşmənin ayaqları altında olması onda düşmənə nifrət hissini oyatmışdı.
Şəhid valideynləri ilə həmsöhbət zamanı Tacirin şəhidlik zirvəsinə ucaldığı xəbərini necə aldıqlarını soruşdum. Anası Svetlana xanım bildirdi ki: “2020-ci ilin oktyabrın 14-üsəhərdən içimdə qəribə bir sıxıntı var idi. Köksümdə sözlə ifadə edə bilmədiyim sancı məni narahat edirdi. Özümə heç cür yer tapa bilmirdim. İçimdəki təlatümlə mübarizə aparmağa çalışsam da, gözüm hey telefonda idi. Hər an zəng gələcəkmiş kimi hiss edirdim. Müharibənin ən qızğın zamanları olsa da, ara-sıra telefonda oğlumun səsini eşidə bilirdik. Az da olsa, rahatlıq tapırdıq. Düzdür, Vətən uğrunda şəhid olan bütün oğullarımız bizim üçün əzizdir, lakin övlad sevgisi, onun itkisi hər bir valideyn üçün bir başqa olur. Yoldaşıma (şəhidimizin atası Həsənov Elşən) dedim ki, bu gün Tacirdən xəbər gələcək (red:ağlayır). O, məni sakitləşdirməyə çalışsa da, nə boğazımdan bir tikə çörək keçdi, nə də gözümə yuxu getdi. Axşam saatlarında gözlədiyim həmin zəng gəldi. Əvvəl ünvanı dəqiqləşdirdilər. Həmin an dünya gözümdə qaraldı, həmin vaxt o qədər ağlamışam ki, səsim də tutulmuşdu. Danışa bilmirdim. Dəstəyi yoldaşım aldı və dedi ki, əgər şəhid olubsa, deyin, bilək. Qarşı tərəf bizə bu xəbəri deyə bilmədi. Bildirdi ki, narahat olmayın, sadəcə ərazi üzrə ünvanları dəqiqləşdiririk. Səhərə qədər gözümə yuxu getmədi. 15 oktyabr səhər tezdən qapımıza yavaş-yavaş adamlar toplaşmağa başladı. Həmin gün sanki bir yuxu idi mənim üçün. Və qorxduğum o xəbəri aldım. “Ana, oğlun Vətən uğrunda şəhid olub”,– dedilər. Ondan sonrasını tam xatırlamıram. Yuxu kimi gəlir xatirimə hər şey – kənd camaatının səs-küyü, qohumların, qonşuların hönkürtüsü. Ən asta səslə danışılanları belə eşidirdim. Ancaq anlamırdım. Kimdən, nədən danışdıqlarını dərk etmirdim. Oğlum Tacir Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Müharibə davam etdiyi üçün onu doğulduğu kənddə dəfn etmək mümkün olmadı. Tacir böyüyüb boya-başa çatdığı Pirşağı qəsəbəsində dəfn edilib.”
Ananın bu ağrı ilə illərdir necə mübarizə apardığını görüb ona təsəlli vermək çox çətindir. Onun bəlkə də yeganə təsəllisi oğlunun əziz xatirəsinin uca tutulması, yad edilməsi və qiymətləndirilməsidir.
Ölümündən sonra Həsənov Tacir Elşən oğlu Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə “Vətən uğrunda”, 2020-ci il 29 dekabr tarixli 2372 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” və 2020-ci il 30 dekabr tarixli 2374 nömrəli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Aişə Baxşıyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin