44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsini əbədiləşdirmək üçün bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində 6-ci kitab üçün yazıya alınıb.
Məhərrəmov Fərid Asif оğlu 8 fevral 2002-ci ildə Bakı şəhərində anadan оlub. Əslən Zəngilan rayonu Cahangirbəyli kəndindən olan Fərid Məhərrəmov ilk təhsilini 2009-cu ildə Xocəvəd rayon tam оrta ümumtəhsil məktəbində alıb. Təhsilini 2019-cu ildə Kəlbəcər rayon 17 saylı məktəbində bitirib. Məktəbdə oxuduğu illər ərzində idmanın Qaydasız döyüş növü ilə məşğul olub. Bu idman növündə bir neçə fəxri adlar alıb. Gürcüstan respublikasında keçirilən yarışlarda 1-ci yerə layiq görülüb. Növbəti “MMA qaydasız döyüş” növündə Fərid Məhərrəmov erməni idmançıya qalib gələrək, 2-ci yerə layiq görülüb. 2020-ci ilin may ayında Bərdə rayonuna həqiqi hərbi xidmətə yollanıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirərkən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində Goranboy, Tərtər və Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib. Məhərrəmov Fərid Asif оğlu 07 oktyabr 2020-ci il tarixdə Ağdərə və Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. Subay idi. Ən böyük arzusu həqiqi hərbi xidməti bitirdikdən sonra, könüllü olaraq orduya qayıdıb Vətən torpaqlarımızın azad olunmasında iştirak etmək idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məhərrəmov Fərid Asif оğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı, “Vətən uğrunda”, İgidliyə görə", "Laçının azad olunması" medalları ilə təltif edilmişdir.
“Vətən” layihəsi çərçivəsində şəhid Fərid Məhərrəmovun anası Nəzakət ana ilə həmsöhbət olmaq üçün onlara yollandım. Liftdən çıxmışdım ki, nur üzlü anamız məni qarşıladı. Şəhid anası bizi Fəriddən geri qalan xatirələrin toplandığı otağa apardı. Elə söhbətimizə də burada başladıq...
-Nəzakət ana, öncə oğlunuzun həyatından danışaq. Fərid necə övlad idi?
-Fərid doğulandan çox fərqli idi. Uşaqlıq illərindən sakit təbiətli, tərbiyyəli, ağıllı böyümüşdü. Məktəb illərində həm müəllimləri, həm də sinif yoldaşları onu çox sevirdilər. Fərid də ilk müəllimi Tahirə müəllimini və bütün sinif yoldaşlarını çox istəyirdi. Bir gün Fərid evə çox məyus halda gəlmişdi. Soruşdum ki, Fərid niyə belə üzgünsən? Söylədi ki, digər sinifdə şagird az olduğuna görə onu sevimli müəlliminin sinfindən başqa bir sinfə keçiriblər. Fərid öz müəlliminə çox bağlı idi və Tahirə müəllim də onun xətrini çox istəyirdi. Daha sonra Fərid daimi olaraq Tahirə müəllimənin sinfində oturdu. Onun digər bir sevgisi isə idmana bağlı olmağı idi. Mütəmadi olaraq “MMA qaydasız döyüş” növü ilə məşğul olurdu. 2019-cu ildə 17 saylı Kəlbəcər tam orta məktəbindən məzun oldu. Oxuduğu hər məktəbdə müəllimlərinin, sinif yoldaşlarının sevimlisi olmuşdu. Çox ədəb-ərkanlı böyümüşdü. Həmişə davranışı, insansevərliyi, mərhəməti ilə sevilirdi. Məktəbi bitirəndən sonra universitetə sənəd verdi və topladığı balla İdman Akademiyasına qəbul oldu. Lakin Fərid təhsilindən imtina etdi. Çünki o hərbi xidmətə getmək və Xüsusi Təyinatlılarda xidmət etmək arzusu ilə yaşayırdı. Bu, Fəridin ən böyük arzularından biri və ən birinicisi idi. O, 2020-ci ilin aprel ayında hərbi xidmətə getməli idi. Lakin pandemiya olduğuna görə Fərid və digər xidmətə gedəcək olanları mayın 28-də apardılar. Fəridlə bağlı xatirələrim o qədər çoxdur ki, danışmaqla bitməz.
-Nəzakət ana, Fəridlə bağlı unudulmaz xatirəniz nədir...
-Fərid mənim üçün evdə övlad, dost, sirdaş idi. Yaşadığı az bir ömrə böyük bir dünyanı sığdıra bilib. Onu tanıyanların hər biri haqqında yalnız xoş sözlər deyirlər. Onunla bağlı xatirələr çox olsa da, ən çox ağlımdan çıxmayan xatirəsini sizinlə bölüşmək istəyirəm. Fəridin məktəbə getməli olduğu ildə maddi vəziyyətimiz ürəkaçan deyildi. Maddı vəziyyətimizə görə onu məktəbə göndərmək istəmirdik. Çünki həmin vaxt imkanımız onun məktəb geyim və ləvazimatlarını almağa imkan vermirdi. Məktəbə getməyəcəyini eşidən Fərid elə hönkürtü ilə ağladı ki....Həmin vaxt rayondan qohumlarımız qonaq gəlmişdi. Dedi ki, uşağı niyə ağladırsınız? Məktəbə getmək istəyirsə, göndərin getsin. Maaş alınmamışdı, vəziyyət yaxşı deyildi. Amma qohumumuz dedi ki, mənim üstümdə pulum var, gəl gedək Fərid üçün nə lazımdırsa alaq. Biz rayona qayıdanda imkan olarsa, bizi yola salarsınız. Getdik Fəridə çanta, paltar, dəftər-qələm, bir sözlə məktəb üçün bütün lazım olanları aldıq. Səhər tezdən isə Fəridi məktəbə yola saldıq. Ondan sonra düşündüm ki, Allah mənə sağlam can verib, çalışıb pul qazana bilərəm. Yoldaşımın razılığı ilə ilk işə çörək zavodunda başladım. Fəridin məktəbi də işlədiyim çörək zavoduna çox yaxın idi. Aldığım ilk maaşı Fəridin 1-ci sinif albomu və əlifba bayramı üçün xərcləmişəm. Fəridin seçdiyi albom baha olsa da, ilk maaşımı ona vermişəm. Çünki heç nə Fəriddən dəyərli, qiymətli deyildi. Bu, mənim üçün unudulmaz bir xatirədir...
-Fəridin müharibədə olduğunu necə öyrəndiniz?
- Fərid Milli Ordunun N saylı hərbi hissəsində xidmət göstərirdi. Onun 1,95 m boyu vardı. Mütəmadi olaraq idmanla məşğul olurdu. Heç nədən qorxusu yox idi. Söz verdisə, sözünün ağası olardı. 2020-ci il may 28-də hərbi xidmətə yola saldıq. Səhər sübh çağı Fəridin otağında saçını sığalladım. Oyandı əl-üzünü yudu, yeməyini yedi, sonra Qurani-Kərimi öpdürüb Allaha əmanət etdim. Yola salərkən qapının arxasında gözlərimdən yaş axmağa başladı. Qapının arxa tərəfinə keçdim ki, Fərid göz yaşımı görməsin. Həmin an anidən məni ağlayaraq gördü və boynumu qocaqladı. Mənə dedi ki, “Ana, ağlama. Əgər kimsə səni incitsə, üzsə bir zənginə burdayam”. Həyətə düşüb onu yola salmaq istəyirdim ki, Fərid icazə vermədi. Alnımdan öpüb, məni qapıdan içəri saldı. O, hərbi xidmətə gedərkən bütün dostları bayraqlar əllərində onu ən yüksək formada xidmətə yola saldılar. Fərid də məhlədə hamı ilə bir-bir görüşüb maşına oturdu. Maşın yola düşəndə eyvandan arxasınca su tökdüm və Allaha əmanət etdim. Xidmətdə olduğu 5 ay müddətində əsla yanıma gəlin kəliməsini işlətmədi. Bir gün Fərid zəng etdi. Səsini eşidib, anan qurban sənsən dedim? Hər dəfə deyirdi ki, ana elə demə. Mən sənə qurban olum. 2020-ci ilin avqust ayının 25-i idi, Fərid ilə telefonda danışırdım. Səsindəki o vurğunu heç unutmuram. Dedi ki, “ana mütləq gəl məni gör”. Heç vaxt belə bir istəyi olmamışdı. Fəridin səsindəki o həyəcanlı vurğudan sonra onu ziyarətə getdik. Sentyabrın 1-də biz artıq rayonda idik. Fərid xidmət etdiyi zaman çox böyük hörmət qazanmışdı. Ona görə də komandiri Fəridi çox istəyirdi. Həmin gün sonuncu dəfə Fərid ilə 20 dəqiqə görüşə bildik. Orada Fəridlə sağollaşıb maşına əyləşmək istəyəndə, birdən arxadan ana dediyini eşitdim. Dedim: hay can bala! O görüşdən sonra Fəriddən bizə 2-3 şəkil yadigar qaldı. Ondan sonra Fəridin sonuncu zəngi sentyabrın 26-da oldu.
-Nəzakət ana Fəridin çox qürurlu, vətənpərvər, hörmətli bir oğul olduğunu da vurğuladı:
-Hətta Fərid hərbi xidmətdə olduğu zaman çox nadir hallarda zəng edərdi. Ən yaxın qohumlarımız ona yaxın olsa da, heç vaxt kimsədən nəsə istəməzdi. Ümumiyyətlə hər işininin arxasınca özü gedərdi. Fəridin sonuncu zəngi sentyabrın 26-da saat 11:45 də oldu. Həmin gün işdə idim. Telefonu açdım və bir anlıq nəfəsim tutulan kimi oldu. Anan sənə qurban Fərid, necəsən, dedim. Dedi, “elə demə ana, mən sənə qurban olum”. Fərid sanki həmin gün vəsiyyətini edirdi. Səsi həmişəkindən çox fərqli və daha qürurlu idi. Dəfələrlə halımın necə olduğunu soruşdu. Hər şeyin yaxşı olduğunu bildirdim. Amma heç vaxt inanmazdım ki, bu mənim Fəridlə sonuncu zəngim olacaq. Telefonda dedi ki, ana, söz ver özünə yaxşı baxacaqsan. Sonuncu telefon danışığımızda atasını, qardaşını hamımızı bir-bir soruşdu. Elə bil, bir daha dönməyəcəyini,əbədiyyən bizdən ayrılacağını hiss etmişdi. Söylədim ki, anan qurban əgər bizim yaxşı olmağımızı istəyirsənsə, sən yaxşı ol. Bu sözü hələ də qulağımdan getmir. İlahi sanki yer-göy yerindən oynadı. Dedi, "Ana, gələcəm! Gör sənin oğlun necə gələcək". İnanın, o sözdə elə bir vurğu, elə bir intonasiya var idi ki, ifadə etmək çox çətindir. Cəmi 5 ay idi getmişdi. Dedim bala, hələ qovuşmağımıza çox qalıb. Dedi, ana, lap az qalıb, gələcəm. Təkrar, gör sənin oğlun necə gələcək" deyib sağollaşdı.
-Nəzakət ana, Fəridin komandiri və döyüş yoldaşları onun haqqında nə söyləyirdilər?
-Komandiri deyirdi ki, Fərid bir əsgər kimi son nəfəsinə kimi döyüşdü. Hətta komandir söylədi ki, onun bizimlə getməsinə razı deyildim, amma Fərid dedi ki, mən mütləq sizinlə gedəcəm. Sonuncu dəfə isə bircə Fəridin yerə yıxıldığını görüb. Həmin gün saatlarla düşmənlə atışma içində olublar. Fərid yerə yıxılandan sonra döyüş 4 saatadək davam edib. Daha sonra həmin ərazi düşməndən azad edilib. Fəridin şəhid olma xəbərini müharibədə topçu alayında yer alan qonşumuzun oğlu anasına zəng edərək ağlaya-ağlaya söyləyib. Soruşub ki, məhlədə sakitlikdirmi? Fərid şəhid oldu deyə, anasına ağlayaraq bildirib. Analar üçün çətin və məşəqqətli bir anlar idi. Üç gün mənim xəbərim olmadan bütün məhlə Fəridin şəhid olmasını bilsə də, məndən gizlədiblər. Amma həmin günlərdə ürəyimə ağrılar çökmüşdü. Danışa bilmirdim, evdə sanki ruh kimi idim. Sanki daşlar, divarlar üzərimə gəlirdi. Hamıya deyirdim ki, bircə balamın səsini eşitsəydim, bircə desəydi ki, ana yaxşıyam... Hamıya zəng edirdim ki, nə olar mənə balam Fəriddən bir xəbər verin. Evdə iş görməyə əlim gəlmirdi. İçimdə qəribə bir hiss vardı. Oturduğum yerdə anidən ağlıma Fəridin şəhid olma xəbəri gəlirdi. Telefonda şəhidlərlə bağlı videoya baxanda birdən bir şəhidimizin şəkli gözümün qabağında Fərid oldu. O hissləri yaşamışam.
-Fəridin Şəhid olması xəbərini necə eşitdiniz?
-Sentyabrın 27-si səhər işdə idim. Qardaşımın zəngi və müharibə başlayıb deməsi ilə sanki ürəyimdən nəyisə çəkib götürdülər. O gündən hiss etdim ki, içimdə nəsə yanır. Nə yerə, nə göyə sığdım. Fərid şəhid olmazdan əvvəl işdən məzuniyyət götürdüm ki, oktyabrın 6-da oğlumun yanına gedəcəm. Lakin müharibə başlamışdı, ürəyimdəki sancı həmin gündən məni bir an olsun buraxmadı. İzah etməkdə çətinlik çəksəm də, sanki Allah məni bu xəbərə hazırlamışdı. Qapı döyüldü baldızım rəngi-ruhu qaçmış, nitqi tutulmuş şəkildə içəri daxil oldu və hönkürtü ilə ağlamağa başladı. Bu acıyı heç bir cümlə ilə təhrif edə bilmərəm. Fəridin şəhid olduğunu bir ana kimi hiss etmişdim. İnanın ki, o 10 gündə Allah məni oğlumun Şəhid xəbərinə hazırladı. O saatlar, o dəqiqələr, o anları mən 10 gün əvvəl gözlərimin önündən keçirmişdim. Sentyabrın 29-da isə balam şəhid oldu. Əsgər yoldaşlarının dediyinə görə axşamçağı saat 18:00 radələrində Fərid şəhid olub. İnanın bütün şəhid anaları bunu öncədən hiss edib. Çünki analar övladlarının ağrısını, acısını hər dəqiqə hiss edir. Mən bir oğlumu itirsəm də, milyonlarla oğullar qazandım. Bu gün Fəriddən yadigar qalan xatirələrinə sarılıb yaşayıram. İnanıram ki, cənnətdə balam ilə görüşəcəm. Allah bütün şəhid oğullarımıza rəhmət eləsin. Ruhları qarşısında baş əyirik.
Fəridə Ağazadə
jurnalist