Ərəb miniatür sənəti bir neçə müxtəlif məktəblərdə formalaşmışdır. Surya,iraq və Bağdad miniatür məktəbləri öz bədii xüsusiyyətlərinə görə bir çox fərdiliyə malik idilər. Haqqında danışdığımız bütün miniatür məktəbləri formalaşıb inkişaf edərkən hər biri ayrı-ayrılıqda özünəməxsus xüsusiyyətlər qazanmışdır. Bu xususiyyətlər məktəbləri təsvir üslubu və bədii cəhətlər baxımından bir-birindən fərqləndirir. Suriya miniatür məktəbinin nümunələri təsvir üslubu baxımından və koloritdən istifadəsinə görə lakonikliyi ilə seçilir. İraq miniatür məktəbində isə erkən nümunələrdə rənglərin lakonikliyi duyulsa da, daha sonrakı mərhələlərdə çox zərif və işıqlı tonlardan istifadə olunmuşdur. Biz bunu Əl-Həririnin “Məqamlar”ına edilmiş təsvirlərdə müşahidə edə bilərik. Qeyd edək ki “Məqamlar” n ərəb ədəbiyyatında bir ədəbi janr kimi peyda olması Əl-Həririnin yaşadığı zamandan daha əvvəlki dövürlərə X cu əsrə aitdir. Lakin “Məqamlar” edilmiş ilk miniatür təsvirlər məhz Əl-Həririnin əlyazmalarına edilmiş illüstrasiyalardır.
Surya və İraq miniatür məktəbləri kompozisiya baxımından da bir-birindən kəskin şəkildə fərqənir. Suriya məktəbi kompozisiyasının azfiqurlu olması ilə seçilir. Həm Dioskoridin 1229-cu il “Farmakologiya”sında, həm “Kəlilə və Dimnə” təmsilində və “Seçilmiş müdrik kəlamlar”ın miniatürlərində kompozisiya, əsasən azfiqurludur. İraq miniatür məktəbində isə əksinə, ən erkən miniatür nümunələrində, məsələn, XII əsrin sonlarına aid “Kitab ət–Tiryək” əlyazmasının miniatürlərindəki kompozisiya artıq kifayət qədər çoxfiqurlu, mürəkkəb süjetlidir. Suriya məktəbində hərəkət jestlər üzərində qurulmuşdursa, İraq miniatürlərində daha plastik və real hərəkətə rast gəlmək mümkündür. Suriya miniatürlərində təbiət detalları dekorativ xüsusiyyət daşıyır. İraq məktəbində isə təbiət daha inkişaf etmiş formada görünür, bəzən isə bitki təsvirləri kompozisiyanın əsas mənasını özündə əks etdirir. Məsələn, Dioskoridin 1224-cü ilə aid “Farmakologiya”sının miniatürlərində “Astroqam bitkisi” və ya “Qırmızı bitoni bitkisi” və s. faydalı bitkilərin təsvirləri olan miniatürlər. İraq qrupuna aid miniatürlərdə perspektiv və məkan anlayışları yaranıb inkişaf etdiyi təqdirdə Suriya ustalarının yaratdığı təsvirlərdə perspektiv anlayışı mövcud deyil. Suriya məktəbinə aid yalnız 1229-cu il Dioskoridin “Farmakologiya”sında məişət avadanlıqları təsvir edilmiş bəzi miniatürlərdə məkanda cüzi dərinlik duyulur. Məktəblər arasındakı daha bir fərq isə miniatürlərin kompozisiyalarında memarlığın interyer və eksteryer elementlərindən istifadəsindədir. Belə ki, Suriya qrupuna aid miniatürlərdə interyer sütünlar, arkalar və kapitellər şəklində olan memarlıq elementlərinin təsviri ilə kifayətlənir. İraq miniatür ustaları isə zəngin memarlıq elementlərindən istifadə edərək interyeri bəzən bir neçə otaqlara ayırır. Buna misal olaraq 1224-cü il “Farmakologiya”sına aid dərman hazırlayan insanların təsvir edildiyi “Əczaxana”, “Kitab ət-Tiryək” əlyazmasında saray həyatının təsvir edildiyi miniatürləri və “Məqamlar”a edilmiş bir çox təsvirləri göstərmək olar. Bununla da kifayətlənməyən İraq rəssamları daha irəli gedərək öz əsərlərində memarlıq tikililərinin təkcə interyerini deyil, həm də ekteryerini yaratmışdılar. Yəhya ibn Mahmudun “Məqamlar”a çəkdiyi bir sıra miniatürlərdə məs: “Kənd yaxınlığında söhbət” və “Məqamlar”ın Sankt-Peterburq əlyazmasının bir çox miniatüründə eksteryer və interyer elementlərindən birgə istifadəni müşahidə edə bilərik. İraq miniatür məktəbinin ustalarını fərqləndirən daha bir xüsusiyyəti isə saray təmtərağını əks etdirən nümunələr yaratmaları idi. Saray üslubuna aid “Nəğmələr kitabı” Səlcuq saray üslubunu xatırladır. “Kitab ət-Tiryək” əsərinə edilmiş təsvir isə hökmdar və saray əyanları ilə birgə sadə insanların da təvir edildiyi unikal miniatürdür.
Yuxarıda qeyd etmişdik ki, Bağdad miniatür ustalarının daha sonrakı yaradıcılıqları bu iki məktəbdən tam fərqli ayrı bir məktəbin formalaşmasına səbəb olmuşdur. Həmin fərqli xüsusiyyətlərə bir də İraq və Suriya məktəblərinin miniatürləri ilə müqayisəli şəkildə nəzər salaq. Bağdad ustaları artıq XIII əsrin sonlarından fərdi inkişaf yoluna qədəm qoymağa başlayır. Əslində bu inkişaf Yəhya ibn Mahmud yaradıcılığı ilə başlayır. Lakin bu inkişaf dövrün tələblərindən və ideologiyasından xüsusi ilə İslam dininin real təsvirlərin yaradılmasına icazə verməməsi qadağasından irəli gələrək özünü püxtələşdirə bilməmişdir. Məhz bu səbəbdən də Usta Yəhyanın yaradıcılığını müstəqil Bağdad miniatür məktəbinin nümunəsi hesab etmək o qədər də düzgün olmaz. Lakin onun etdiyi yeniliklər, yaratdığı mürəkkəb rakurs və kompozisiyalar, hərəkət dinamikası, koloritin yumşaq tonlarından zərif istifadə, həyatdan götürülmüş səhnələr daha sonrakı Bağdad ustalarının inkişafı yolunda təkan olmuşdur. Biz bu inkişafı “Pak qardaşlar səlnaməsi”ndə perspektivin daha düzgün qurulmasında, rənglərin daha işıqlı və uyumlu istifadəsində və insan obrazlarının proporsiyalarının daha dəqiq işlənməsində görə bilərik. Təsvirin koloriti daha əvvəlki İraq və Suriya məktəblərində olduğu kimi dekorativ xarakter daşımır. Əvvəlki Suriya və İraq miniatürlərində al-əlvan kolorit göz oxşayan ritmiklik yaradaraq daha çox oxucunu əyləndirmək vəzifəsi daşıyırdı. Lakin “Pak qardaşlar səlnaməsi”nin miniatürlərinin uyumlu mavi-qəhvəyi rəngləri təsvirin aid olduğu əsərin ümumi məzmunu ilə əlaqədar olaraq sanballı və dərin məna ifadə edir. Mavi rəng paklığı, təmizliyi qəhvəyi rəng isə müdrüklüyü səciyyələndirir.
Bağdad miniatür məktəbinin daha möhtəşəm nümunələrini Usta Cüneyd yaratmışdır. Onun yaratmış olduğu yeniliklər haqqında yuxarıda geniş danışılmışdır. Daha əvvəl yaranmış ərəb miniatür məktəbləri olan Suriya və İraq miniatürləri ilə bu yenilikləri müqayisə etsək görərik ki, Cüneyd öz yaradıcılığı ilə dövrünün miniatür sənətində əsl inqilab etmişdir. Haqqında danışılan fərqliliklər bunlardır: Miniatürlərin ölçüsünün İraq və Suriya miniatürlərindən böyük olması, təsvirlərin mətndən ayrılaraq ayrı bir vərəqdə müstəqil şəkildə təsvir edilməsi, əsərin mövzusunun əksərən künc kompozisiyası üzərində qurulması, miniatürlərdə Çin üslubunun nəzərə çarpması, “Quş uçuşu baxışı” nın mövcutluğu, təbiətin zəngin detallar ilə təsvir edilməsi, Mürəkkəb kompozisiyalı miniatürlərin yaradılması, eyni zamanda baş verən hadisələrin bir miniatürdə təsviri , miniatürlərin kompozisiyasında doldurucu elementlərdən istifadə edərək təsvirdə boşluqların az saxlanılması, təbiət mənzərəsinə xüsusi diqqət yetirilməsi, obrazların təsvirində fərdi xüsusiyyətlərin verilməsi və.s.
Cüneydin əsasını qoyduğu bütün bu yeniliklər gələcək miniatür sənətinin təkcə Ərəbistanda deyil, həm də digər Şərq ölkələrinin miniatürlərinin inkişafına da öz təsirini göstərmişdir.
Suriya və İraq miniatür məktəblərinin məlum olan fərqli xüsusiyyətləri ilə yanaşı onları birləşdirən bəzi bənzərliklər də var. Belə ki, hər iki miniatür məktəbində Sasani və Bizans incəsənətinin ənənələri duyulur. Obrazların sadə üsulla ifadəsində rəssamların zəngin həyat müşahidəsi mövcutdur. Təsvirlər həddən artıq monumentallığa malikdilər. Hər iki məktəbin miniatürlərində bədii xüsusiyyət baxımından dövrünün Şərq nağıllarına oxşarlıq duyulur. Koloritin istifadəsində bənzərliy muşahidə olunur. Fon anlayışının olmaması (İraq məktəbinin Bağdadda XIII-XIV əsrlərdə yaradılmış bir çox miniatür silsilələri istisna olmaqla )da bu oxşarlıqlardan biridir. Bu məktəblərə aid miniatürlərdə təsvirlər əksərən mətnin ortasında verilirdi və burada mətin təsviri sanki çərçivəyə alırdı.
Bizans incəsənətinin təsiri xüsusi ilə Suriya miniatür məktəbində duyulur. İraq miniatür məktəbində Bizans ənənələri daha yüksək formada “Məqamlar”a edilmiş təsvirlərdə izlənilir. Sasani təmtərağı Suriya miniatür məktəbinə aid “Kəlilə və Dimnə” təmsillər toplusunda zəngin dekorativlik daha çox duyulur. Orta əsr ərəb miniatür ustalarının yaradıcılığında həyatı müşahidə yüksək səviyyədə öz əksini tapmışdır. Belə ki, təsvirlərdəki yaradıcı fantaziya real həyatdan uzaqlaşmır. Rəssamlar öz əsərlərində təsvir etdikləri heyvan, quş, insan obrazlarını təbii hərəkətdə canlandırmağa bu həyatiliyə nail ola bilmişdilər. Bəzən də rəssam gündəlik həyatda müşahidə etdiyi səhnələri miniatürlərində yaradırdı. Bu təsvirlərin kağız üzərində olmasına baxmayaraq obrazlarda monumentallıq duyulur. Lakin bu xüsusiyyət daha çox Suriya miniatür məktəbində daha güclü idi. İraq məktəbində isə monumentallıq yalnız bəzi miniatür nümunələrində izlənilir. Bu cür nümunələri Dioskoridin 1224-cü il “Farmakologiyasında” görə bilərik. Bu səbəbdən də monumentallıq xüsusiyyəti İraq və Suriya məktəblərinin həm oxşar, həm də fərqləndirici amili hesab edilə bilər.
Suriya və İraqın miniatür məktəblərinin bədii xüsusiyyətlərini o dövrün Şərq nağıl və əfsanələri ilə müqayisə etmək olar. “Min bir gecə” toplusundakı Şəhrizadın nağılları kimi Orta əsr ərəb miniatürləri də həm ayrı-ayrılıqda məna kəsb edir, həm də ümumi süjet ilə əlaqəlidir. Bu miniatürlər çox vaxt əlyazmalarda mövzunu anlamağa kömək edirdi. Bu baxımdan ümumi süjet ilə əlaqəsi kəsilməz olurdu. Lakin təsvirlərin hər biri müstəqil şəkildə də təsviri sənət əsəri kimi unikal və dəyərlidir. Bu dövrün miniatürlərində rənglərdən istifadə baxımından hər iki məktəbdə eynilik mövcuddur, belə ki, haqqında danışdığımız məktəblərin rəssamları təsvirləri boyamaq üçün işıqlı, lakonik-konkret rənglərdən istifadə etmişdilər. Miniatürlərdə əsas rənglərin çalarlarından və işıq-kölgədən istifadə olunmamışdı. Fon anlayışı isə şərtilik təşkil edir. Çox zaman isə kompozisiyada fon ümumiyyətlə olmur. Bu xüsusiyyət daha çox Suriya məktəbinə aid edilə bilər. Çünki İraq miniatür məktəbinin sonrakı dövr Bağdadda yaradılmış olan mürəkkəb kopozisiyalı miniatürlərdə mükəmməl fon və məkan yaradılmışdır. Yəhya ibn Mahmudun “Kənd yaxınlığında söhbət”, Cüneyd Sultani Fəzalinin “Cəngavərlərin döyüşü”, “Toy məclisi” və s. miniatürlərin kompozisiyasında dərinliyin duyulduğu təsvir fonunu müşahidə edə bilərik. Bu oxşarlıqlara nəzər saldıqda, belə qənaətə gəlmək olar ki, hər iki miniatür məktəbi inkişaf yolunu keçərkən bir-birindən qaynaqlanmışdır. Sadalanan bütün bu xüsusiyyətlər XII-XIII əsr ərəb miniatür rəngkarlığının Suriya və İraq məktəblərinin oxşarlığını səciyyələndirən xüsusiyyətlər idi.
Bağdad məktəbi isə bəzi cüzi cəhətləri ilə Suriya və İraq miniatürləri ilə bənzərlik təşkil edir. Məsələn,“Pak qardaşlar səlnaməsi”nin miniatürlərindəki geyimlərin drapirovkaları və insan obrazlarının başındakı nimblər yuxarıda qeyd edilən məktəblər ilə oxşarlıq təşkil edir. Bundan başqa, səlnamənin obrazları Suriya məktəbinin 1229-cu il “Farmakologiya”sına aid insan fiqurları ilə sima baxımından oxşarlıq təşkil edir. Bağdad miniatür ustalarının yaratdığı təsvirlərdə də İraq və Suriya məktəblərində olduğu kimi jestlər vasitəsi ilə dialoq müşahidə olunur. Məhz özündən əvvəl yaranmış miniatür məktəbləri ilə bənzərliyin azlığı Bağdad məktəbini unikal edir.
Hər üç məktəbin bütün bu fərqli və oxşar xüsusiyyətlərini araşdırıb təhlil etdikdə belə bir nəticəyə gəlmək olar ki, XII-XIV əsr ərəb miniatürləri öz dövrünün böyük və təsirli obraz xarakterlərinə görə əsl bədii rəngkarlıq nümunələridir. Feodalizm dövründə yaradılmış ərəb miniatürləri Mərkəzi və Yaxın Şərqin ən qədim təsviri sənət nümunələri hesab edilir. Şübhə yoxdur ki, erkən orta əsr ərəb miniatür məktəbləri İran və Azərbaycan miniatürlərinin formalaşmasına da təsir etmişdir. Ərəb miniatürləri Orta Şərqin rəngkarlığında ilk pillə hesab edilir. Əsrlər boyu yaradılmış bu miniatürlərin qruplaşdırılaraq müxtəlif məktəblərə ayrılması ərəb rəgkarlığının spesifik inkişafının göstəricisi hesab edilə bilər.
Əliyeva Sədaqət Zaur qızı,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin