Azərbaycan etnoqrafiya elminin öyrəndiyi məsələlərdən biri xalq təqvimidir. Bu o qədər geniş və dərin mövzudur ki, araşdırdıqca yeni məsələlər ortaya çıxır, tədqiq etdikcə indiyədək öyrəndiklərinə başqa müstəvidə baxmağa başlayırsan. Astronomik proseslərdən qaynaqlanan xalq təqvimi insanları bir araya gətirən təsərrüfat həyatının, maddi və mənəvi mədəniyyətin bütövləşdiyi, birləşdiyi zaman və məkan kəsimidir. Bu geniş mövzudur, qısaca toxundum.
Novruz bayramı ilə bağlı günlər, mərasimlər, atətlər və s. əslində xalq təqviminin tərkib hissəsidir. Zaman keçdikcə təsərrüfat həyatı, məişəti, inancları, inamları ilə zənginləşmiş, bayramlaşmış bir yaşam sistemidir, sadə həyatdan doğan yaşam fəlsəfəsidir. Azərbaycana qarşı düşmənçilik münasibət bəzləyən ölkələr və onların maraqlarına qulluq edən qruplar bu xalq təqviminin “Azərbaycanın olmadığı” haqqında uydurmalarla ortada meydan sulayırlar, bəziləri də bilməyərəkdən məişət səviyyəsində aparılan tora düşürlər. Məncə, ayıq-sayıq insanlarımız məişət səviyyəsində aparılan bu ideoloji təxribatın, təbliğatın fərqində olmalıdırlar, bəzən öz sözlərini deməli, bilməyərəkdən düşmən təbliğatına uyanları xəbərdar etməlidirlər.
Heç sual vermisinizmi? Niyə donlara bürünmüş bəzi şəxslər maddi və mənəvi mədəniyyətimizin hansısa elementinin, qeyri-maddi irsimizin hansısa nümunəsinin Azərbaycanın olmadığını “sübuta yetirməyə” çalışırlar? Niyə bu istiqamətdə sistemli şəkildə təbliğat aparırlar? Niyə? Məqsəd-məramları nədir? Xalqın mənəvi dəyərlərini əlindən alıb beyinləri yumaq, pozmaq, milli yaddaşımızı silmək istəyirlər. Məqsədləri isə milli yaddaşsız qalmış beyinlərə öz qondarma “alqoritmlərini” yazmaqdır.
Novruz bayramı dünyadakı azərbaycanlıları mənəvi baxımdan birləşdirən, ortaq dəyərləri paylaşan bir sistemdir. Ortaq dəyərlər sistemidir! Etnik mənsubiyyətindən, dini mənsubiyyətindən, hansı ölkədə yaşamasından asılı olmadan bütün azərbaycanlılar bu mənəvi dəyərlər sistemini paylaşır. Bu mənəvi birlik və dəyərlər sistemi isə çoxların qorxudur.
...Novruz təqvim sisteminin ən təntənəli günü İlaxır çərşənbədir. İndiyədək aparılmış etnoqrafik tədqiqatlar Cənubi və Şimali Azərbaycanda, bütün bölgələrimizdə son doğru çərşənbənin yalnız İlaxır Çərşənbə adlandırıldığını dönə-dönə təsdiqləyir. İlaxır Çərşənbənin “Torpaq çərşənbəsi” adlandırılaraq, ictimayi rəyə yeridilməsi qeyri-elmi olmaqla yanaşı, Azərbaycanın bayramlar, mərasimlər ənənəsini təhrif etmək deməkdir.
Səməd Vurğun poemalarının birində yazır:
Axır çərşənbədir... İl tamam olur,
Bu il kənd içində danışır hamı –
At üstə gəlmişdir Novruz bayramı –
Qulunlu at üstə... Bu bir muraddır.
Qocalar deyir ki, bolluq keçəcək,
Torpaq su yerinə şərbət içəcək.
Odur ki, hamının ürəyi şaddır,
Hamının arzusu, ümidi gülür,
Üzündən, gözündən nurlar tökülür.
İlaxır çərşənbə, eləcə də Novruz bayramında maraqlı bir mərasim vardır. İnanca görə, ailənin üzvləri axşam yandırılan tonqalın üstündən hoppanmalı, bununla da köhnə ilin ağrı-acısından xilas olmalıdır, arınmalıdır. Tonqalın üstündən tullanmaq şərti simvol sayılır, yəni insan həyatın sərtliklərinə dözərək, səbr edərək, ağrı-acısını geridə buraxır, gələcəyə, yaşayıb-yaratmağa ümidlə baxır.
İnanca görə, dünyadan köçmüş babalarının ruhları ildə bir dəfə, İlaxır Çərşənbədə öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır çərşənbəyə düşür. İnsanlar böyük tonqallar qalayırlar ki, ətraf işığa qərq olsun, gecənin zülməti ərisin, ata-baba ruhları yurdlarını asanlıqla tapa bilsinlər. Əgər ruhlar görsələr ki, nəsilləri yaşayan evlərdə ocaqlar sönüb, elə başa düşərlər ki, qoyduqları adət-ənənələr unudulub, övladlarına qalan var-dövlət göyə sovrulub, hər şey məhv olub. Övladlarından küsərək qayıdıb gedərlər və bir də o tərəflərə gəlməzlər. Görsələr ki, ocaqlardan tüstü gəlmir, xörəklər bişirilmir, nəvə-nəticələri deyib-gülmürlər, ac-yalavacdırlar, küsülüdürlər, onda da inciyər və bir də oralarda görünməzlər. Məhz bu inama görə, İlaxır çərşənbə axşamı tonqallar qalanır, şənliklər keçirilir, umu-küsü aradan götürülür.
İlaxır çərşənbə təmtərağı ilə digər çərşənbələrdən fərqlənir. Düzdür, əvvəlki çərşənbələrdə də “çərşənbə xonçası” tutulur, tonqal yandırılır və s. Amma İlaxır çərşənbənin növrağı xeyli zəngindir.
Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bəzi bölgələrdə İlaxır Çərşənbənin təntənəsi Novruzu belə üstələyir.
Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.
Axır çərşənbənin gecə mərasimləri də təntənəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işləri görərlər. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.
Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.
İlaxır Çərşənbə ilə bir sıra adətlər, ənənələr, sınamalar vardır:
Azərbaycanda bir adət budur ki, həmin çərşənbə axşamında od üstündən üç və ya yeddi dəfə o yan – bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.
Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.
İlaxır çərşənbənin maraqlı ayinlərindən biri də “Ağacqorxutma”dır. Bar verən ağac bardan qaldıqda deyirlər ki, çilləyə düşüb qısırlaşıb. Çərşənbə günü ağac sahibi əlinə balta alıb onun yanına gəlir və deyir: - Ey barsız, bəhərsiz ağac, sən mənim nəyimə lazımsan?! Kəsəcəyəm səni! - Belə deyib ağacın üstünə hücum çəkir. Baltanın küpüylə, ağzıyla ağacın gövdəsinə astaca vurub onu səksəndirir. Bu zaman başqa biri, daha çox el ağsaqqalı, balta vuranı tutub saxlayır və deyir: - A kişi, kəsmə ağacı. Mən onu zaminə götürürəm. İnanıram ki, qarşıdakı ildə o bar verəcək. - Bu vaxt evdəkilərdən ayağı sayalı, əli bərəkətli sayılan ağacın dibinə şərbət səpir, buraya noğul, nabat, qovurğa, səməni qoyur. Bağın bir küncündə çır-çırpı yandırıb tüstüsünü ağaclara verirlər ki, onlar xəstələnməsin, meyvələrinə qurd düşməsin.
İlaxır çərşənbə gecəsində buğda, un çuvallarının, digər azuqə qablarının ağzı açıq saxlanılır. İnama görə, həmin gecədə bərəkət paylanılır. Əgər bu vaxt çuvalların, qabların ağzı bağlı olsa, onda evin bərəkət payı kəsilər.
İlaxır çərşənbədə iki almadan birinə nişan qoyulur. Sonra niyyət tutulub evdəkilərdən almalardan birini götürməsi istənilir. Əgər nişanlanmış alma götürülərsə, niyyət sahibi istəyinin hasil olacağına inanır. İlaxır çərşənbə gecəsində ərgən qızlar evin qapısında arxası həyətə sarı durub sağ ayaq başmaqlarını sağ əllə sağ çiyinlərindən arxaya atırlar. Sübh tezdən hamıdan erkən oyanıb başmağa baxırlar. Əgər başmağın burun tərəfi yola, daban tərəfi evə sarıdırsa, sahibi yaxın vaxtlarda xeyir xəbər eşidəcəyinə, ərə gedəcəyinə inanır.
İlaxır çərşənbə ilə bağlı bəzi falları diqqətinizə çatdırırıram:
Axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” olarsa, il boyu hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “viran qalsın” və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur.
Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər.
Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır.
Axır çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən.
Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan.
Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər.
Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər.
İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
Novruzlu günlərdə, xüsusilə İlaxır çərşənbə günü tamaşalar göstərmək də qədim vaxtlardan gəlir.
“Xanbəzəmə” oyun “Xan-xan”, “Xan oyunu”, “Xan yaratdı”, “Şahbəzəmə”, “Şah-şahı” və s. adlarla məzmun oxşarlığına, icra tərzinə görə, müxtəlif variantlarda indi də oynanılır.
“Məsmayıl” oyunu ildə bir dəfə - İlaxır çərşənbənin axşamı icra olunur. Elin-obanın qız-gəlinləri, cavanları niyyət tutub kəndin ən yaşlı ağbirçəyi olan nənənin evinə toplaşırlar. Dünyagörmüş nənə də iri mis qazanı dupduru su ilə doldurub ağzını da ağ süfrə ilə qapayır. Məsmayıla gələn qız-gəlinlər ürəklərindəki arzu və niyyətlərin həyata keçməsi üçün bir daha dua edib gətirdikləri sancağı, muncuğu, sırğanı, üzüyü özlərinin nişanəsi kimi su dolu qazana atarlar. Bu mərasimdə gənc oğlanlar da iştirak edə bilər. Oyun başlayır, ilk bayatını ağbirçək nənə özü deyir. İnanca görə, hər deyilən bayatıdan sonra nənə əlini qazana salıb qarışdırır və içərisindən təxmini üzük, sırğa, sancaq, muncuq çıxarır. Çıxan nişanə kimindirsə bayatının mənası da onun qismətinə yozulur. Bayatılar da əsasən arzuların, ümidlərin doğrulacağını, həyata keçəcəyini, sevgililərin bir-birinə qovuşacağını ifadə edir.
Əzizinəm düzə gəl,
Çəmənə gəl, düzə gəl,
Döyüb qonşu qapısın,
Çaşıb elə bizə gəl.
Dəvə gəlir enişdən,
Topuğunacan gümüşdən
Bizə də bir pay düşə,
Xurcundakı yemişdən.
Oyun üç dəfə təkrar olunur, qazan üç dəfə dolub-boşalır. Sonda cavanlar həmin suda ucuna pambıq bərkidilmiş iynə qaçırdırlar. İynənin biri sevən oğlanı, o biri də qızı ifadə edir. Bir-birini qovan iynələr qovuşursa, bu da sevənlərin bir-birinə qovuşacağına işarə kimi yozulur. Mərasim sona yetəndə ağbirçək nənə mis qazandakı suyu dirilik, azar-bezardan qurtuluş rəmzi kimi camaatın üzünə çiləyir və “üzünüzə aydınlıq” deyir.
İlaxır çərşənbənin ən məşhur mərasimi “Vəsfi-hal”dır.
Göydə ulduz olaydım,
Can gülüm, can, can!
“Vəsfi-hal” mərasimində iştirak edənlər aralığa “dilək tası” adlanan su ilə dolu badya qoyaraq ora üzük, sırğa, sancaq, iynə və s. salıb, ağ yaylığı badyanın üstünə salaraq oxumuşlar:
Araz axar burular,
Can gülüm, can-can!
Suyu daşda durular,
Can gülüm, can-can!
Ürəkdə arzun olsa,
Sənə də toy qurular,
Can gülüm, can-can!
Can gülüm, can-can!
İlaxır çərşənbə gecəsində tamamilə “Vəsfi-hal”a oxşayan bir falaçma da vardır ki, bu, “Kuzə falı” adlanır. Amma “Kuzə falı”nda qızlar yox, yalnız gəlinlər, oğul-uşaq böyütmüş qadınlar iştirak edirlər. Onlar bir evə toplaşıb ortalığa ağzı enli bir kuzə qoyurlar. Kuzənin içinə hər kəs sancaq, oymaq, üzük, sırğa, iynə, düymə və s. atır. İştirakçılardan bir nəfər kuzəni aparıb bulaq, çay, göl suyu ilə doldurub gətirir. Kuzənin ağzına güzgü qoyurlar. Sabahısı gün tezdən nişan sahibləri kuzə olan evə gəlirlər. Bir balaca qız uşağı güzgünü qaldıraraq əlini kuzəyə salıb nişanlardan çıxarır. Burada daha çox söz-nəğmə bilən qadın nişan çıxaran qıza baxmadan, eynən “Vəsfi-hal”dakı nəğmələrdən oxuyur. Nişan sahibi bu sözləri ürəyində tutduğu niyyətə uyğun yozur.
Axır çərşənbə və Novruzda səhər, gün çıxmamışdan qabaq axar suyun üstündən tullanar, evə təzə su gətirərlər. Sübh o başdan axar suya, bulağa gedər (buna bəzi bölgələrdə “Novbaş” dəyirlər), əl-üzlərini yuyar, bir-birinin üstünə su çiləyər, çillə kəsdirərlər. Bu, mübarək sudur; suyun müqəddəsliyini, qüdrətini tərənnüm edən nəğmələr oxuyar, müxtəlif oyun və əyləncələr icra edərlər.
Ürəklərdə neçə-neçə dilək tutan qız-gəlinlər, cavan oğlanlar, ahıllar niyyət eləyib su üstündən tullanar, “ağırlıqlarını suya tökər”, çillə kəsdirərdilər. Hamı təzə sudan - İlaxır suyundan gətirib evə, qapı-bacaya, həyətə, tövləyə, bərəkət təknəsi təndirə, xırmana, dəyirmana səpər. Belədə il ruzulu olar, bərəkət artar.
İlaxır çərşənbə mahiyyət baxımından bütün çərşənbələrin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və Novruzun qarşılanması məhz ilin axırıncı çərşənbəsinə həvalə olunur.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, şəfa versin. Onların qanları, canları hesabına, qəhrəmanlığı, igidliyi hesabına torpaqlarımızı qaytarmışıq. Dua edək ki, işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri elə bir vüsət alsın ki, otuz ilin işini iki-üç ilə qurtaraq. Səfərbər olub bütün çətinliklərin öhdəsindən gələk, vətənimizin güclənməsi üçün daha da əzmkar, mübariz olaq.
İlaxır Çərşənbəniz mübarək olsun!
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya
İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent
Bəhmən Fazil oğlu Əliyev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin