
Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Anar Süleyman oğlu Bahadurov 26 iyun 1992-ci ildə Sabirabad şəhərində dünyaya göz azçıb. Anar 1998-ci ildə Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbin birinci sinfinə daxil olub. VII sinfədək bu məktəbdə təhsil alıb. Elmə, xüsusilə humanitar fənlərə böyük həvəsi olub, bu da onun sinif yoldaşları və müəllimlərinin sevimlisinə çevirib. Anar Bahadurov VII sinfi bitirəndən sonra 2005-ci ildə imtahan verərək Şirvan şəhərində liseyə qəbul olub. Yüksək göstəricilərlə bu təhsil ocağını başa vurub. 2009-cu ildə qəbul imtahanında 640 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Burada ödənişsiz təhsil aldıqdan sonra xaricdə magistratura oxumaq üçün imtahan verib. Mümkün 100 baldan 95 bal toplayaraq ölkə üzrə beşinci nəticəni göstərib. Ona əldə etdiyi nəticəyə uyğun bir neçə universitet təklif olunub. Anar Bahadurov Almaniyanın Köln şəhərində hüquq üzrə magistratura təhsili almaq qərarına gəlib. Lakin seçimini etdikdən sonra təhsilini donduraraq hərbi xidmətə yollanıb. Tərtər rayonunda yerləşən hərbi hissədə - cəbhə zonasında xidmət keçib. Hərbi borcunu başa vurub geri dönən Anar Bahadurov 2014-2016-cı illərdə Köln şəhərində magistratura təhsili alıb. Bir neçə xarici dili öyrənməyə nail olan zəkalı gəncimiz ingilis dilində məşğələlərə davam edib. “İELTS”proqramı üzrə sertifikat almağa nail olub. Müharibəyə getməzdən əvvəl isə ərəb dilini öyrənməyə başlayıb. Şərq dillərinə və mədəniyyətinə marağı ilə yanaşı, Qurani-Kərimi də tam öyrənib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Bahadurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa döyüşlərində iştirak edib. 8 Noyabr 2020-ci ildə Qubadlı-Şuşa istiqamətində gedən həlledici ağır döyüşlərdə şəhid olub. Bahadurov Anar Süleyman oğlu 9 noyabr 2020-ci ildə Sabirabad rayonu Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ”Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
-Vətən layihəsi komandası olaraq şəhid Anar Bahadurovun ailəsi ilə həmsöhbət olmaq üçün onlara yollandıq:
-Yol müqəddəsdir. Bu, yol şəhidimizin evinə gedirsə, müqəddəsliyin dərəcəsi daha da böyüyür. Yollar təkcə getmək üçün deyil, həm də mənzilə çatmaq üçündür. Hansı ki, ən ali mənzilə əziz şəhidlərimiz çatıblar. Şəhidlərimizin xatirəsini yaşatmaq və onların əmanətlərini daim yad etməyi özümüzə mənəvi borc bilirik. Elə biz də Vətən layihəsi komandası olaraq qəhrəman şəhidimiz Anar Bahadurovun xatirələrinin olduğu evə gedirik. O evdə bizi şəhidimizin anası Zeynəb xanım, atası Süleyman bəy, qardaşı və gəlini gözləyir. Hətta bizi 20 gün olar ki, dünyaya göz açmış şəhidimizin qardaşının gözəl balası da qarşılayacaq. Yol boyu gözlərimdən yaş süzülsə də, Anar Bahadurovun ocağına çatan kimi gözlərimi silib, içəri daxil oldum. Bu məğrur duruşu eyni zamanda kədərli bağışları tanıyıram. Onlar şəhidimizin valideynlərinin baxışları idi. Ürəkləri kədərdən qubar bağlasa da, bizi böyük sevgi, gülərüzlə qarşıladılar. Bu anda qəlbimdə özümlə danışıram. İlahi, sən demə şəhidlərimizlə bərabər, onların ailələrini də bir-bir seçmisən. Axı bu, yükü hər insan ürəyində daşıya bilməz. Bu əsnada Zeynəb xanım və Süleyman bəy bizi şəhidimizdən yadigar qalan, xatirələrinin toplaşdığı otağa dəvət etdi. Elə söhbətimizə də burda başladıq.
-Şəhidimizin atası Süleyman bəy, öncə oğlunun həyat yolundan danışaraq, Anarın cəsur, vətənpərvər bir oğul olduğunu qeyd etdi:
-Anarın, hələ uşaq vaxtından elmə, təhsilə olan sevgisi çox böyük idi. Biz valideynləri olaraq heç vaxt ona dərsini oxu deməmişik. Çox böyük həvəslə dərslərinə bağlı olardı. Anar, yeddinci sinifdə oxuyarkən Şirvan şəhərində yerləşən liseyə qəbul olub. Liseydə həm dərslərində, həm də ictimai təbdirlərdə çox fəal iştirak edib. O, çox vətənpərvər və ailəcanlı övlad olub. Bizdən ayrı qalmağı heç vaxt istəməzdi. Deyib-gülən, şən, gülərüzlü oğul idi. Onun ən böyük arzusu, biliyi, yüksək elmi təhsili ilə daim irəli getmək olub. Anar Qurani-Kərimi də tam öyrənib, dinlə bağlı elmi araşdırmalar da aparırdı. Bəzi vaxtlarda evdə Quran ayələrini elə avazla oxuyurdu ki…
Anar mənim təkcə oğlum deyildi, o həm də ən yaxın dostum idi. Elə məsləhətlər verirdi ki, sanki babamdan hansısa məsləhət alırdım. Bəzən sıxıntılı vaxtlarımızda söyləyirdi ki, ata, darıxma, hər şey yaxşı olacaq.
Elə bir vəziyyət yaranmışdı ki, artıq 30 il işğal altında qalan torpaqlarımızı azad etmək lazım idi. Onu azad etmək üçün isə qurbanlar verməli idik. Ona görə də Anar kimi 3000 dən çox igid, vətənpərvər oğlullarımız bu, qələbəni bizə yaşatdılar. Düzdür, valideynlər üçün həddindən artıq çox ağırdır. Ancaq digər tərəfdən qürurvericidir ki, övladımız Vətən uğrunda, işğalda olan torpaqlarımızın azadlığı uğrunda canını fəda edib. Ağır olsa da, biz Anarla qürur duyuruq. Mən fəxr edirəm ki, şəhid atasıyam. Hətta çox mömin insanlar can atırlar ki, şəhidliklə dünyalarını dəyişsinlər. Ancaq bu məqama ucalmaq hər adama qismət olmur. Onu da qeyd edim ki, Qubadlı rayonu ərazisində Bazarçay ilə Həkəri çayı arasında yerləşən Yazı düzü ərazisinə bayrağımızı ilk sancanlardan biri Anar olub.
-Şəhidimizin anası Zeynəb xanım, Anarın həyat və döyüş yolundan danışır…
-Vətən Müharibəsinin başladığı günün sabahı işdə idim. Birdən Anar zəng etdi ki, ana, məni çağırmayıblar? Dedim ki, bala xəbərim yoxdur. Bunu demişdim ki, on dəqiqə sonra atası zəng edib söylədi ki, Anarı rayondan çağırıblar. Bu xəbəri eşidəndə ürəyimdən bir anlıq sancı keçdi. Dərhal Anara zəng edib, xəbər verdim. Dedi ki, ana, “bilirdim ki, məni də çağıracaqlar. Axşam rayona yola düşəcəm”. Həmin gün gecə növbəsində idim. Sentyabrın 27-si günü yaralanan əsgərlərimizi xəstəxanamıza gətirirdilər. Yaralı əsgərlərimizi görənə qədər müharibənin belə şiddətli, ağır olduğunu dərk etmirdim. Anar zəng etdi ki, ana, gəlirəm. Elə çatan kimi boynuma sarıldı, qucaqlaşdıq. Başını çiynimə qoydu. Dedi ki, ana, “gəl görüşək, birdən daha görüşə bilmərik”. İndi Anarın başını çiynimə qoyduğu həmin yoldan bir daha keçə bilmirəm. Çünki balama sarıldığım o sonuncu gün gözümün qabağına gəlir. Yolda dəfələrlə zəng etdi ki, darıxmayım. Amma ana ürəyi dözərmi…? Anar Sabirabada çatanda görüb ki, onun kimi yüzlərlə oğullar rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında dayanıblar. Onları görəndə müharibəyə getmək üçün daha da həvəslənib. Hətta hasarı aşaraq içəri keçib. Həmin vaxt bibisi oğlu yanında olduğu üçün bircə onunla sağollaşıb və yola düşüb. Çatandan sonra zəng edib dedi ki, ana, “narahat olmayın. Biz burada təlimdəyik”.
Vaxt tapan kimi həmişə zəng edərdi, bir dəqiqə də olsa səsini eşidərdik. Oktyabrın 1-dən artıq Anarın zəngləri kəsildi. Xəstəxanada işlədiyim üçün hər gün yaralı əsgərlərin gəldiyini görürdüm. Onlara o qədər suallar verirdim ki...Hər birinə öz balamız kimi diqqət göstərirdik. Oktyabrın 5-də səhər tezdən Anarın zəngi məni bir az özümə qaytardı. Dedi ki, ana, “Cəbrayıldayıq və Cəbrayıl azad olunub”. O zəngdən sonra düz on gün Anardan heç bir xəbər gəlmədi. Elə on birinci günə keçmişdi ki, telefonuma başqa nömrədən zəng gəldi. Açdım ki, Anarımın səsidir. Soruşdum, ana qurban, hardasan, niyə səsin gəlmir? Axı biz çox narahatıq. Bircə onu söylədi ki, “ana, indi Qubadlıdayıq. Buradan da başqa istiqamətlərə gedəcəyik. Narahat olmayın”. Anarla sonuncu danışığımız isə noyabrın 6-da saat 14:00-15:00 radələrində oldu. Səsi çox zəif eşidilirdi. Birinci atasını soruşdu. Sonra telefon setinin zəif olduğunu dedi. Son cümləsi belə oldu ki, ana, burada yağış yağır. Mənim də taleyim belə imiş. Siz özünüzdən muğayat olun”. Gözümdən yaş axa-axa dedim ki, Anar, niyə belə danışırsan? Həmin dəqiqə bütün ümidimi itirdim. Çünki Anar heç vaxt belə danışmazdı. Həmin gün işə getdim axşama doğru Anarın zəng etdiyi bütün nömrələri yığdım amma heç biri cavab vermədi...
-Şəhidimizin anası deyir ki, noyabrın 6-dan sonra balasından zəng gəlmədiyi üçün artıq onun sağ qalması ilə bağlı bütün ümidlərini itirib:
- Anar Tərtərdə hərbi xidmətdə olarkən şəhid Milli Qəhrəman Şükür Həmidov onun xidmət etdiyi hərbi hissənin komandiri olub. Orada düzülüş zamanı polkovnik Şükür Həmidov keçmiş əsgərini seçərək öz rəhbərliyində döyüşə aparıb. Onlar birlikdə Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə iştirak ediblər. Anar, Qubadlıda erməni hərbi hissəsinin alınmasına böyük şücaət göstərib. Zəngilanın alınmasına iştirak edib. Lakin ölüm balamdan yan keçməyib. Dağda meşə ilə gedərkən Anar və döyüş yoldaşı Zaur 50-60 metr qabaqda gedirmişlər. Qəfildən düşmən minamyotla onları vurmağa başlayıb. Həm də avtomat və snayperlə atəş açıblar. Anar və Zaur ermənilərlə vuruşmağa başlayıb, son güllələrinə kimi döyüşüblər. Komandirləri deyir ki, bir müddət sonra Anarla Zaurun gülləsinin səsi kəsilib, ardınca isə onları vurublar, hər ikisi noyabrın 8-i səhər saatlarında Qubadlıdan Şuşaya gedərkən dağda döyüş zamanı şəhid olublar.
-Şəhidimizin atası, Anarın döyüş yoldaşlarının fikirlərini də bizimlə bölüşdü:
- Döyüş yoldaşlarından sağ qalanlar söylədi ki, onlar Milli Qəhrəman Şükür Həmidovun şəhid olduğunu gözləri ilə görüblər. Buna görə də sağ qalmaqla bağlı bütün ümidlərini itiriblər. Onlar üçün bircə arzu olub ki, düşmənləri məhv edib, torpaqlarımızı erməni əsarətindən xilas etsinlər. Döyüş yoldaşları Anarın heç nədən qorxmadığını, daim hamıya var gücü ilə dəstək olduğunu deyirlər. Həqiqətən İkinci Qarabağ Müharibəsində olan oğullar böyük tarix yazdılar. Allah igidlərimizə elə bir qüvvət, cəsarət vermişdi ki, dünyanın heç bir nöqtəsində belə bir qəhrəmanlıq görə bilməzsiniz. Hətta müharibə zamanı hərbi komissarlığın qarşısında bir mənzərənin şahidi oldum. Orada olan igid oğullarımız adlarını siyahıda görməyəndə deyirdilər ki, necə olar adım yoxdur? Dərhal adlarını könüllü kimi yazdırırdılar. Avtobusa deyə-güllə əyləşirdilər. Belə güclü, qüdrətli oğulların qarşısında heç bir düşmən əsgəri dura bilməzdi. Çünki Anar kimi oğullar doğulandan qəhrəman böyüyüblər.
-Süleyman bəy, Anarın dəfn olunduğu günü yaşadığı o kədərli anı belə xatırlayır:
-Yaxın ailə dostumuz bir dəfə mənimlə danışanda demişdi ki, bu günə kimi heç kimin toyunda rəqs etməmişəm. Müharibə bitsin, Anar sağ-salamat gəlsin, mən burada asvaltda qol qaldırıbş rəqs edəcəm. Həmin dostum Anarın şəhid olduğunu bilmirdi. Noyabrın 8-də saat 00:10-da mənə zəng etdi ki, Süleyman, gözünü aydın müharibə qurtardı. Mən sözümdə duracam. Ona heç nə deyə bilmədim. Həmin dəqiqə keçirdiyim o ağrılı hisləri sözlə ifadə etmək mümkün deyil. Düzdür, Allahın qismətindən qaçmaq olmur. Amma biz valideynlər üçün çox ağır günlər idi. Anar bizim qəlbimizdə əbədi yaşayır. Onun ruhu isə həmişə evimizdədir.
-Zeynəb ana deyir ki, Anar, Vətəni canından, ailəsindən də üstün tutdu:
-Anar yolda bir qarışqa görəndə istiqamətini dəyişərdi ki, onu əzməsin. Heyvanlara qarşı o qədər həssas və incə davranırdı ki... İndi düşünürəm, Vətən sevgisi Anara görün nə qədər güc-qüvvət verib ki, o əlinə silah alaraq düşmənləri məhv edib, hətta erməni polkovnikinin olduğu maşınına od vuraraq yandırıb. Oğlum Vətəni canından, bizdən də üstün tutdu. Onun döyüş yoldaşları hər zaman deyirlər ki, Anar tamam başqa bir insan idi. Hamımıza yol göstərər, döyüşə motivasiya edər və təmkinli olmağa çağırardı. Anar, əsla heç nədən qorxmazdı. Bəzən yuxularıma gəlir. Amma Anarın üzünü aydın görmürəm. Həmişə hiss edirəm ki, Anarın ruhu evimizdədir.
-Şəhid anası kimi Zeynəb xanımın cəmiyyətimizə və gənclərə tövsiyəsi odur ki, ildə iki dəfə Şəhidlər Xiyabanını ziyarət etsinlər:
-Bu gün istər gənclər, istər digər insanlarımız mütləq Şəhidlər Xiyabanını ziyarət etsinlər. Çünki yalnız ora ziyarət edəndən sonra biz valideynləri bir qədər anlaya bilərlər. Orada uyuyan hər bir şəhidimizin üzündə bir işıq var. Biz nə vaxtsa bu dünyanı tərk edəcəyik və unudulacağıq. Amma istəyirik ki, şəhid övladlarımızı cəmiyyətimiz heç vaxt unutdurmasın və onları yad etsinlər.
-Bəli, şəhidlərimizi hər hər zaman yad etmək mənəvi borcumuzdur. Unutmayaq ki, onlar ən ali qürur mənbəyimizdir. Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur…Elə müsahibə zamanı qəhər, göz yaşları da dayanmırdı. Biz də Şəhidimizin ailəsinə səbr diləyib, onları çox yormaq istəmədik... Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik!
Qeyd edək ki, yaşadığı Fatmayı kəndində şəhid Anar Bahadurovun ailəsi onun adına xatirə bulağı inşa ediblər. Həmçinin şəhidimizin doğulub-böyüdüyü Sabirabad rayonunda adına küçə olacağı deyilir.
Fəridə Ağazadə
Jurnalist















Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin