Üzeyir Hacıbəylini anmaq hər bir Azərbaycanlının borcudur!
Bəşəriyyət tarixində elə sənətkarlar var ki, “...onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa hətta ümumən insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cürə adamlar nəinki sağlığında,....öləndən sonra da camaata mənfəət veriblər”. Böyük musiqi xadimi bəstəkar, musiqişünas, publisist Üzeyir Hacıbəylinin dediyi bu fikiri ilk öncə bəstəkarın özünə aid etmək olar.
Yaradıcılığına XX əsrin əvvəllərində başlamış, həyatını isə onun ortalarında tamamlamış Üzeyir Hacıbəyli musiqisi Azərbaycan xalqının canına, qanına sirayət edərək onun bədii mədəniyyətinin ayrılmaz tərkibinə çevrilmişdir. “Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşudbanu”, “Rüstəm və Zöhrab”, “Harun və Leyla” kimi operaları, “Ər və arvad, “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi musiqili komediyaları ilə yanaşı, kütləvi mahnı janrında milli koloritin duyulduğu neçə-neçə mahnının müəllifi olan bəstəkar yaratmış olduğu əsərlərlə musiqi mədəniyyətində millilik və beynəlmiləlçilik anlayışını Qərb və Şərqin mədəniyyətini sintez şəklində həll edərək dünya musiqisinə əvəzsiz töhfə vermişdir. Bütün bunlar bizə haqq verir ki, qurur ilə deyək ki, XX əsrin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri xalqımızın dühası Üzeyir Hacıbəylidir.
Bugünlərdə Üzeyir Hacıbəylinin ev-muzeyində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anım gününə həsr olunmuş “Sənət və Simfoniya: Üzeyir Hacıbəyli incəsənətin əbədi ruhunda” adlı tədbir baş tutmuşdur.
Tədbirdə muzeyin şöbə müdiri bəstəkar Vəfa Bağırzadənin təqdimatında musiqi dühasının bioqrafiyası və yaradıcılıq yoluna nəzər salındı. Daha sonra Əməkdar rəssam Taryer Bəşirov eskizini Tahir Salahovun “Üzeyir Hacıbəylinin portreti” əsəri əsasında hazırlamış olduğu iki xalça haqqında danışdı. Məlumat üçün qeyd edim ki, rəssam bəstəkarın portretini iki dəfə təsvir etmişdir. İstərdim sözügedən portretin və onun əsasında toxunmuş hər iki xalçanın bədii xüsusiyyətlərinə nəzər salaq.
Salahovun əsərində portret janrının kameral təsvir xarakterinə xas xüsusiyyətlər duyulur və bəstəkar qara royal önündə canlandırılmışdır. Sözsüz ki, Şərqin böyük musiqi xadimini adi, sakit, fəaliyyətsiz halda təsvir etmək olmazdı. Buna görə də, insan xarakterinə yaxşı bələd olan T.Salahov xalqımızın mədəniyyətinə möhtəşəm töhfələr verən, Azərbaycan Dövlət Himninin müəllifi olan bu heyrətamiz şəxsiyyəti məhz yaradıcılıq prosesində tabloya həkk etmişdir. İdeya baxımından əsər Q.Qarayev və M.Rostropoviçin portreti ilə eyni xarakter daşıyır. Tablonun kompozisiyasında kiçik detallara az yer ayrılıb. Bu da Salahov yaradıcılığındakı monumentallığı vurğulayır. Bundan başqa, Ü.Hacıbəylinin portretində əsl Salahov tapıntısı hesab edilən ümumi koloritdə qırmızı rəngin vurğulayıcı aspektdən çıxış etməsi açıq şəkildə görünür. Otağın qırmızı örtüklü döşəməsi, bəstəkarın qırmızı qalstuku, əlində tutduğu qırmızı qələm qara royal və Ü.Hacıbəylinin qara rəngli geyimi ilə təzad yaradır. Kətan üzərində qırmızı rəngin kiçik ölçü təşkil etməsinə baxmayaraq, o, diqqət çəkir. Portret hal-hazırda Ü.Hacıbəylinin Bakıdakı ev-muzeyində saxlanılır. Bu əsərdə incəsənətin müxtəlif növləri-təsviri sənət və musiqinin iki görkəmli nümayəndəsi görüşür-tablonun qəhrəman obrazı Azərbaycan və dünyanın musiqi incisi Üzeyir Hacıbəyli və əsərin müəllifi, yenə də Azərbaycan və dünya rəngkarlığının tacı Tahir Salahov. Buna görə də, bu möhtəşəm, şedevr tablonu “Dahilərin görüşü” adlandırmaq düzgün olar.
Tahir Salahovun dahi müsiqiçini təsvir etdiyi digər portreti uzun müddət Moskvada saxlanmış, daha sonra isə Bakıya gətirilmişdir. Hazırda əsər Azərbaycan Bəstəkarlar Birliyində saxlanılır. 2020-ci ildə Üzeyir Hacıbəylinin digər portreti Taryer Bəşirovun eskizi əsasında xalça üzərinə köçürülmüşdür. Xalçanın haşiyə qurşağı müəllif interpritasiyası əsasında tərtib edilmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, xalçaçı rəssam Taryer Bəşirova məxsus xalçaların haşiyə qurşağı əksərən simvolik tərtib edilir və hər bir element müəyyən məna yükünə malikdir. Sözügedən xalçanın kənarələrinin tərtibatında da bu xüsusiyyətlər mövcuddur. Xalçanın aşağı haşiyə qurşağında pianino dilləri üzərində bəstəkarın imzası əks edilmişdir. Künclərdə Azərbaycan Respublikasının bayrağı fonu üzərində musiqi açarı vardır. Kənarlarda üzərində gözlər təsvir edilmiş sütunlar yaradılmışdır. Qədim zamanlardan göz günəşlə simvolizə edilmişdir. Bu məqamda isə göz Üzeyir Hacıbəylinin tamaşaçılarını simvolizə edir. Sütunlar həmçinin Üzeyir Hacıbəylinin musiqimizin təməli olması mənasını ifadə edir. Onlar ionik orderli kapitel ilə tamamlanır. Əslində Azərbaycan dekorativ tətbiqi sənətində qoçbaşı adlanan bu orderin etimologiyası xalqımızın mədəniyyətində və dini inanclarında çox qədim zamanlardan mövcuddur. Sütunların üzərində də hər iki küncdə Azərbaycan Respublikasının Dövlət Bayrağı əks edilmişdir. Yuxarı haşiyədə Azərbaycan Respublikasının Dövlət Himnindən notlar canlandırılmışdır. Dövlət atributlarına simvolik müraciət xalçanın məna yükünü daha da qüvvətləndirir. Xalça Qarabağın azad edilməsindən bir müddət öncə hazır olur və bu səbəbdən də zəfər gününə həsr edilmişdir. Tahir Salahov xalçanı Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinə hədiyyə etməyi nəzərdə tumuşdur. Lakin bu fikri həyata keçirməyə ömür vəfa etmədi. Hazırda xalça müvəqqəti olaraq Tahir Salahovun Bakıdakı ev-muzeyinin ekspozisiyasında nümayiş etdirilir.
Anım günündə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas Musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini musiqişünas-bəstəkar Aytən Oqtayqızının dahi bəstəkarın 135 illiyinə həsr etdiyi “Dəyərli ömür” pyesi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının müəllimi, pianoçu-bəstəkar Nuranə Zeynalovanın müəllifi olduğu fortepiano üçün "Qarabağ" fantaziyası kimi musiqi ərməğanı müəlliflərin özləri tərəfindən ifa edilərək tamaşaçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda pianoçu Hidayət Sadıqbəyli Emil Əfrasiyabın Üzeyir Hacıbəylinin yaradıcılığına həsr etdiyi “Parafraz ” adlı əsəri səsləndirmişdir.
Tədbir iştirakçılarına sənətşünas Sədaqət Əliyeva və muzeyin əməkdaşı Ləman Həsənova tərəfindən dahi bəstəkarın obrazına müraciət etmiş Mikayıl Abdullayev, Nəcəfqulu İsmayılov, Salam Salamzadə, Kazım Kazımzadə, Ənvər Əliyev, Hüseyn Əliyev, Nadir Əbdürrəhmanov, Tofiq Kərimov, Bədurə Əfqanli, Elmira Şahtaxtinskaya, Fuad Əbdürrəhmanov, Zivər Məmmədova, Tokay Məmmədov, Xanlar Əhmədov, Ömər Eldarov, Afaq Kərimova və s. kimi rəssam, heykəltəraş və xalq sənəti ustalarının yaratmış olduqları əsərlər haqqında məlumatların öz əksini tapdığı “Üzeyir Hacıbəyli obrazı təsviri incəsənət və xalq yaradıcılığında” adlı mühazirə təqdim edildi. Mühazirə mövzusunda Üzeyir Hacıbəyliyə ünvanlı əsərlər arasında üç əsər var ki, onlar haqqında həyacansız söz açmaq mümkün deyildir. Bu səbəbdən də, bu əsərləri siz oxucular ilə də bölüşmək istədim. Belə ki, həmin əsərlərdə bəstəkar ölüm yatağında təsvir edilmişdir.
1948-ci ilin soyuq 23 noyabr günündə böyük sənətkarın qəlbi dayanır, səhərki ümumxalq vidalaşmasına hazırlaşan hökumət komissiyası rəssamlar, dövrün tanınmış fırça ustası Salam Salamzadə, o dövrdə Milli İncəsənət Muzeyinin direktoru olan Kazım Kazımzadə və o zamanlar artıq Gəncədə Nizami abidəsinə görə məşhurluq qazanmış heykəltəraş Fuad Əbdürrəhmanova bəstəkarın son anının görüntüsünü əbədiləşdirmələrini tapşırır. Salam Salamzadə və Kazım Kazımzadə karandaş ilə dahi bəstəkarın ölüm yatağındakı portretini təsvir edirlər. Fuad Əbdürrəhmanov isə Üzeyir bəyin onun bütün üz cizgilərini əks etdirən ölüm maskasını çıxartmışdır. Təbii ki bu proses bu üç yaradıcı insan üçün mənəvi baxımdan çox üzücü və ağır məqam idi. Bu səbəbdən də bizlər ağır, lakin tarixi bir anı əbədiyyətə həkk edən hər üç yaradıcı şəxsə böyük minnətdarlıq hissi duymalıyıq.
Ömrünü xalqının mədəniyyətini göylərə ucaltmağa həsr etdiyi XX əsrin ən görkəmli musiqi xadiminin ev muzeyi onu sevənlər tərəfindən ziyarət edildi.
Növbəti illərdə Azərbaycan musiqisinə əvəzolunmaz töhfələr verərək, özündən sonra xalqına böyük bir sərvət saxlayan dahi bəstəkarın anım gününün dövlət səviyyəsində qeyd edilməsi diləyi ilə yazımı yekunlaşdırıram....
Sənətşünas Sədaqət Əliyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin